4 idmançımız Avropa Çempionatının yarımfinalında
Xorvatiyanın Poreç şəhərində keçirilən boks üzrə U-23 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.
News24.az xəbər verir ki, mərhələnin ikinci günündə Azərbaycan millisinin daha iki üzvü yarımfinala yüksəlib.
Bilalhəbaşi Nəzərov (50 kiloqram) Filip Horvatı (Çexiya) məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). İkiqat Avropa çempionumuz yarımfinalda David Zaxari (İsrail) ilə döyüşəcək.
Zidan Hünbətov (55 kiloqram) Nikola Maksimoviçdən (Serbiya) güclü olub. O, rəqibinə 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Hünbətov finala gedən yolda Kristofer İppokratla (Fransa) qarşılaşacaq.
Beləliklə, yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı təmin edən boksçularımızın sayı 4-ə yüksəlib. Daha öncə Məhəmmədəli Aşırəliyev (60 kiloqram) və Nicat Alırzayev (70 kiloqram) da bu hüquqa yiyələnib.
Qeyd edək ki, yarımfinal döyüşləri bu gün, finallar noyabrın 24-də olacaq.