Cəmiyyət

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” adlı tədbir keçirildi

04 Nov 2026, 18:45 1 baxış Admin
“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” adlı tədbir keçirildi

Bakı şəhərinin Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində “Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” adlı tədbir keçirilib. Tədbiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Dəmir Yumruq” Vətən Müharibəsi Veteranlarına Dəstək İctimai Birliyi ilə birgə təşkil edib.


"Bakupost" xəbər verir ki, Dövlət Himni səsləndirildikdən, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti layihələri, bərpa-quruculuq işləri və regionun inkişaf perspektivlərini əks etdirən videoçarxlar nümayiş olunub.
Dövlət Komitəsinin nümayəndəsi “Vətən Səsi” qəzetinin baş redaktoru Elşən Əliyev məcburi köçkünlərə dövlət qayğısını Ulu Öndər Heydər Əliyevin strateji məqsəd kimi müəyyənləşdirdiyini, bu siyasəti Prezident İlham Əliyevin davam etdirdiyini bildirib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlərə xüsusi həssaslıq göstərdiyi, onların sosial-mədəni inkişafına daim dəstək verdiyi qeyd olunub. Xatırladılıb ki, Böyük Zəfərin məntiqi davamı kimi həyata keçirilən Böyük Qayıdış prosesi Qarabağ və Şərqi Zəngəzura yeni həyat gətirib. Dövlətimiz keçmiş məcburi köçkünlərin təhlükəsiz şəraitdə, könüllü və ləyaqətlə doğma yurda qayıdışı üçün bütün zəruri tədbirləri görür. İşğaldan azad edilmiş ərazilərdə yenidən qurulan və bərpa edilən yaşayış məntəqələrinə köç karvanların yola salınması getdikcə intensivləşir. Həmin ərazilərdə yaşayanların, işləyənlərin və təhsil alanların sayı hazırda yüz min nəfərə yaxındır.
“Dəmir Yumruq” İctimai Birliyinin sədri Əbil Zeynalov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin tarixi əhəmiyyətdən bəhs edib, hazırda uğurla davam edən Böyük Qayıdışın məcburi köçkünlərin təkcə doğma yurda fiziki qayıdışı deyil, həm də qələbə uğrunda canından keçən şəhidlərə, torpaqlarımızın azadlığı uğrunda fədakarlıq göstərənlərə ehtiramın təcəssümü olduğunu vurğulayıb.
Tədbirdə “Dəmir Yumruq” İctimai Birliyinin Sabunçu filialının sədri Lütfiyyə Baxşəliyeva, İdarə Heyətinin üzvü Amil Məmmədov, Vətən müharibəsi iştirakçısı Nicat Cəlilov çıxış edərək qarşıdan gələn Zəfər günü və uğurla icra olunan Böyük Qayıdış proqramı haqqında fikirlərini bildirib, torpaqlarımızın işğaldan azad edilməsinin, Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işlərinin aparılmasının xalqımızda böyük sevinc və qürur hissi doğurduğunu söyləyiblər. Çıxış edənlər Böyük Qayıdışın milli həmrəyliyin, mədəni-ruhi dirçəlişin və dövlətimizin iqtisadi-siyasi qüdrətinin təcəssümü olduğunu vurğulayıblar.
Tədbir çərçivəsində iştirakçılara informativ kitabçalar və broşürlər paylanılıb.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər