Marketlərdə qiymət oyunu və kassa oğurluğu: Bir ildə əlavə 500 milyon manat ödəyirik?
04 Nov 2026, 16:58
2 baxış
Admin
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Tam Store” mağazalar şəbəkəsində məhsulların müştərilərə üzərində göstərilən qiymətdən baha satılması ilə bağlı inzibati xəta haqqında protokol tərtib edib.
Məlumdur ki, son vaxtlar müxtəlif marketlərdə bu cür hallarla tez-tez rastlaşırıq.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə “Bakupost”a bildirib ki, rəfdə aşağı qiymət göstərilməsi, kassada isə daha yüksək məbləğin tələb olunması problemi Azərbaycanda təxminən 8 ildir geniş yayılıb. Onun sözlərinə görə, bu hal demək olar ki, bütün müasir supermarketlərdə müşahidə olunur.
O qeyd edib ki, müasir satış texnologiyaları inkişaf etdikcə, bəzi hallarda həmin imkanlardan istifadə etməklə istehlakçıların aldadılması halları da artır. Bu məsələ ilə bağlı birliyə çoxsaylı şikayətlər daxil olur və pozuntular müxtəlif formalarda özünü göstərir.
Eyyub Hüseynov bildirib ki, bəzi mağazalarda meyvə-tərəvəz və digər məhsulların üzərinə qiymətlər işçilər tərəfindən əl ilə qeyd olunur. Birliyə daxil olan şikayətlərdən birində vətəndaşın 86 qəpiyə badımcan aldığı, lakin kassada ona 26 manatlıq ekzotik meyvənin qiymətinin hesablandığı bildirilib.
O, özünün də belə hallarla qarşılaşdığını deyib. Belə ki, şəhər mərkəzində, Nizami küçəsində yerləşən bir marketdə bir il ərzində təxminən 100 manatlıq bu cür yanlış hesablamaya və ya artıq ödəniş tələb edilməsinə rast gəlib. Hətta qabıqlı qoz aldığı halda kassada ondan qoz ləpəsinin qiymətinin tələb edildiyini bildirib.
Onun sözlərinə görə, geniş yayılmış problemlərdən biri də istehlakçıların almadıqları məhsulların dəyərinin kassa çekinə əlavə edilməsidir. O, birliyə daxil olan şikayətləri ümumiləşdirərək istehlakçıların bir il ərzində almadıqları məhsullara görə ümumilikdə 500 milyon manat ödədikləri qənaətinə gəldiklərini bildirib.
Eyyub Hüseynov istehlakçılara alış-verişdən sonra kassa çekini mütləq yoxlamağı tövsiyə edib. Onun sözlərinə görə, müştəri məhsulun kassada rəfdə göstərilən qiymətdən baha hesablandığını görərsə, sakit şəkildə satış zalına qayıtmalı, məhsulun və üzərindəki qiymət etiketinin şəklini çəkməli, daha sonra iradını mağaza əməkdaşlarına bildirməlidir.
O qeyd edib ki, birliyə daxil olan şikayətlərə əsasən, belə hallarda mağaza əməkdaşları çox vaxt qiyməti dərhal dəyişərək məhsulu müştəriyə daha aşağı qiymətlə satırlar. Onlar isə bunu qiymətin vaxtında yenilənməməsi ilə izah edirlər. E.Hüseynov istehlakçılara həm ilkin, həm də düzəliş edilmiş kassa çekinin şəklini saxlamağı və məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə məlumat verməyi tövsiyə edib. Bu yolla qurumun həmin mağazada monitorinq aparmasına şərait yaradıla bilər.
O hesab edir ki, mağaza sahibləri də belə halların baş verməsində maraqlı olmaya bilərlər. Onun fikrincə, burada bəzi hallarda insan amili və qiymətlərin vaxtında dəyişdirilməməsi də rol oynayır. Bununla belə, ekspert diqqətə çatdırıb ki, qiymət fərqi demək olar ki, həmişə istehlakçının zərərinə olur: rəfdə aşağı qiymət göstərilir, kassada isə daha yüksək məbləğ tələb edilir.
E.Hüseynov problemin uzun müddətdir geniş yayılmasının insanlarda bunun qəsdən edildiyi qənaətini yarada biləcəyini də vurğulayıb. O, market sahiblərinin bu halları bilərəkdən törətdiyinə inanmaq istəmədiyini, lakin mövcud vəziyyətin narahatlıq doğurduğunu bildirib.
Eyyub Hüseynov problemin qarşısını almaq üçün elektron qiymət lövhələrindən istifadəni dəfələrlə təklif etdiyini deyib. Onun sözlərinə görə, market sahibləri ilə apardığı telefon danışıqları zamanı elektron qiymət lövhələrinin də gözlənilən nəticəni vermədiyi, bu sistemlərdə də səhvlərə yol verildiyi bildirilib.
O, istehlakçıların üzləşdiyi digər hallara endirim elanları ilə bağlı uyğunsuzluqları da əlavə edib. Belə ki, mağazalarda məhsulların üzərinə endirim olduğunu göstərən sarı etiketlər yerləşdirilir, müştəri əvvəlki və yeni qiyməti müqayisə edərək məhsulu almağa qərar verir, lakin kassada yenə də daha yüksək məbləğ tələb olunur. Mağaza əməkdaşları isə qiymətlərin hələ dəyişdirilmədiyini və etiketlərin vaxtında yenilənmədiyini bildirirlər.
Eyyub Hüseynov hesab edir ki, istehlakçılar daha fəal olsalar, bu cür halların qarşısını almaq mümkündür. Onun fikrincə, vətəndaşlar rastlaşdıqları pozuntuları qeydə almalı və aidiyyəti dövlət qurumlarına müraciət etməlidirlər.
Bununla yanaşı, E.Hüseynov Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin istehlakçılarla kommunikasiya imkanlarının məhdud olduğunu düşünür. O bildirib ki, qurumla əlaqə saxlamaq üçün əsasən telefon imkanları mövcuddur, elektron poçt və digər müraciət kanalları isə yetərincə əlçatan deyil. Hüseynov istehlakçıların şikayətlərini daha rahat çatdıra bilməsi üçün bu imkanların sadələşdirilməsini, xüsusilə “WhatsApp” üzərindən müraciət kanalının yaradılmasını təklif edib.
Vüsalə Hüseynova,BakuPost
Mənbə:
bakupost.az