“ABŞ və İsrailin İranla oynamaq fikri yoxdur” – Taktiki nüvə silahından istifadə edəcəklər?
04 Nov 2026, 17:43
1 baxış
Admin
ABŞ-də keçirilən aralıq seçkiləri hazırkı Prezident Donald Tramp tərəfdarlarının ağır məğlubiyyətilə nəticələnib. Tramp belədə qanunverici orqana nəzarət etmək imkanını itirir.
Bundan bir qədər əvvəl isə İsrail baş naziri Benyamin Netanyahu da demək olar ki, ABŞ Prezidentinin aqibətini yaşayıb. Onun partiyası seçkilərdə qalib gəlsə də, bu qələbə ona öz tərəfdarları ilə hökumət qurmağa imkan vermir. Bu isə o deməkdir ki, ABŞ və İsraildə baş tutan seçkilər Trampla Netanyahunun mövqelərinin zəifləməsinə, reytinqlərinin daha da düşməsinə gətirib çıxara bilər. Belə bir durumda aydındır ki, hər iki ölkə rəhbəri düşdükləri vəziyyətdən xilas olmaq, nüfuzlarını qaytarmaq üçün müxtəlif variantlara əl atmalı olacaqlar. Həmin variantlardan biri isə İrana qarşı daha genişmiqyaslı və uğurlu hərbi əməliyyatlara başlamaq ola bilər.
Siyasi şərhçi Azər Qasımov “Bakupost”a bildirib ki, opponentləri həm İsrail, həm də ABŞ-dəki seçkiləri Netanyahu və Trampın məğlubiyyəti kimi qələmə versələr də, reallıqda həm Netanyahu, həm də Tramp hakimiyyətdədir:
“Trampın partiyası respublikaçılar Konqresdə üstünlüyü itirdilər. Netanyahu da kabinet formalaşdırmaq üçün yetərli yer ala bilməyib. Amma reallıqda həm Netanyahu, həm də Tramp hakimiyyətdədirlər. Uduzan Trampın partiyasıdır. Nəzəri olaraq Trampın iki ili var. Netanyahu da qeyd edib ki, ona iki il bəsdir. Ən azı kabinetin yenidən formalaşdırılması və ya yeni seçkilərə qədər Netanyahunun iki aydan çox vaxtı var. Amma bu o demək deyildir ki, yeni seçkilər olsa Netanyahu məğlub olacaq. Əksinə onda şansları daha çox olacaq və indiki hal ilk dəfə deyil ki, baş verir”.
Müsahibimiz hesab edir ki, Tramp və Netanyahu İrana yenidən hücum planını çoxdan hazırlayıblar:
“Konqresin razılığı olmadan Trampın iki aya yaxın müharibə etmək hüququ vardır. Keçən dəfə İrana qarşı bu variantdan istifadə edildi. İran xeyli ölçüdə zəiflədildi.
Belədə Trampın İrana qarşı yenidən hərbi əməliyyatlara başlaya biləcəyi ehtimalı istisna edilmir. Özü də bu dəfə İranı daha böyük məğlubiyyət gözləyir. Çünki ortada nüvə silahının istifadə edilməsi məsələsi gündəmdədir. Taktiki nüvə və ya ona bərabər dağıntı yaradan bomba istifadəsi məsələsi isə onu göstərir ki, ABŞ və İsrailin İranla bu dəfə bir o qədər də oynamaq fikirləri yoxdur. Məsələ tez və qısa zamanda həll edilməlidir”.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az