18 yaşında bədənşəkilləndirmə etdirdi - Rəqsanənin qızını hansı təhlükələr gözləyir?
04 Nov 2026, 16:40
1 baxış
Admin
Son illər estetik əməliyyatlara maraq getdikcə artır. Artıq bu cür müdaxilələrə yalnız yetkin yaşda olan qadınlar deyil, gənc qızlar da üz tutur. Müğənni Rəqsanə İsmayılovanın cəmi 18 yaşlı qızı Yağmurun bədənşəkilləndirmə əməliyyatı keçirməsi isə bu məsələnin yenidən müzakirəyə çıxmasına səbəb olub.
Bəs bu yaşda edilən bədənşəkilləndirmə gələcəkdə hansı fəsadlara yol aça bilər?
"Bakupost" xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov Azərbaycanda estetik əməliyyatlara artıq çox sadə yanaşılır deyib.
“Bilirsiniz, Azərbaycanda estetik əməliyyatlar artıq bazardan mal almaq kimi adi bir prosesə çevrilib. İnsan bir məhsulu bəyənmədikdə geri qaytardığı kimi, estetik əməliyyatla bağlı da eyni yanaşma formalaşıb: xoşuma gəlir, etdirirəm, xoşuma gəlmir, başqa dəyişiklik istəyirəm. Belə mənzərə qəbuledilməzdir. Hesab edirəm ki, Səhiyyə Nazirliyi tərəfindən bu sahəyə dair mütləq müəyyən qaydalar və tələblər müəyyənləşdirilməlidir. Çünki söhbət insan bədəninə tibbi müdaxilədən gedir. Bu cür müdaxilələr yalnız insanın şəxsi istəyi ilə həyata keçirilməməlidir. İnsan bəzən öz istəklərinin mümkün nəticələrini dərk etmir. Digər tərəfdən, əməliyyatı həyata keçirən həkimin də müəyyən maraqları ola bilər. Bu maraqlar üst-üstə düşdükdə isə xəstə müxtəlif problemlərlə üzləşir. Fəsad baş verdikdən sonra tərəflər məsuliyyəti bir-birinin üzərinə atmağa başlayır və nəticədə vəziyyət daha da mürəkkəbləşir”.
Həkimin sözlərinə görə, erkən yaşda edilən estetik əməliyyatların nəticələri gələcəkdə problem yarada bilər:
“İnsan bədəni müəyyən yaş dövrlərində və mərhələlərdə dəyişir. Bədən quruluşunun formalaşması və sabitləşməsi prosesi başa çatmadan estetik müdaxilələrə tələsmək düzgün deyil. Məsələn, 18 yaşlı bir insanın bədəni gələcək illərdə, hətta 50 yaşına qədər müxtəlif dəyişikliklərə məruz qala bilər. Bədəndə baş verən hər bir dəyişiklik dəriyə və toxumalara müəyyən gərginlik yaradır. Bu dəyişikliklər fonunda əvvəllər aparılmış əməliyyatların nəticələri də problemə çevrilə bilər. Məsələn, insan dəfələrlə bədənşəkilləndirmə əməliyyatı, liposaksiya və digər piy toxumasının götürülməsi prosedurlarına müraciət edə bilməz. Bu qədər çoxsaylı əməliyyatlara məruz qalmaq ciddi sağlamlıq riskləri yaradır. Hətta əməliyyatlardan biri zamanı tromboemboliya baş verərsə, bu, xəstənin həyatı üçün ölümcül nəticələnə bilər.
Təəssüf ki, bu cür əməliyyatları həyata keçirən bəzi şəxslər tromboemboliya riskini lazımi səviyyədə nəzərə almırlar. Xəstə həyatını itirdikdə isə baş verənlər bəzən gözlənilməz xəstəlik kimi təqdim olunur. Halbuki belə halların arxasında qanın reoloji xüsusiyyətlərinin pozulması və digər ciddi fizioloji problemlər dayana bilər. Nəticədə xəstənin ölümü ilə nəticələnən ağır fəsadlar meydana çıxır”.
Ekspertin fikrincə, əməliyyat qərarı yalnız pasiyentin istəyinə əsaslanmamalıdır:
“İnsanlar bu prosedurların mümkün fəsadları barədə kifayət qədər məlumatlı deyillər. Hesab edirəm ki, estetik əməliyyatların riskləri televiziya və digər kütləvi informasiya vasitələri ilə geniş şəkildə ictimaiyyətə çatdırılmalıdır. İnsanlar bilməlidirlər ki, bu, heç də sadə prosedur deyil. Ciddi fəsadlara, hətta ölümə səbəb ola biləcək tibbi müdaxilədir. Ona görə də estetik əməliyyatlara bu qədər sadə yanaşmaq olmaz. Digər tərəfdən, Səhiyyə Nazirliyi tərəfindən estetik əməliyyatların aparılması üçün konkret tibbi meyarlar hazırlanmalıdır. Yalnız həmin meyarlara cavab verən şəxslərə müəyyən estetik müdaxilələrin həyata keçirilməsinə icazə verilməlidir. Əks halda, insanın sadəcə öz istəyini bildirməsi əsasında əməliyyat aparılması düzgün yanaşma deyil.
Tibbdə “xəstə özü istədi” prinsipi ilə hər hansı müdaxilənin həyata keçirilməsi anlayışı olmamalıdır. Burada əsas meyar tibbi göstərişin olub-olmamasıdır. Həkim hər hansı əməliyyatın zəruriliyini əsaslandırmalıdır. Tibbi göstəriş yoxdursa, yalnız pasiyentin istəyi ilə əməliyyat aparılması qəbuledilməzdir. Bu proses artıq kütləvi xarakter almağa başladığı üçün əlavə nəzarət mexanizmlərinin yaradılmasına da ehtiyac var. Xüsusi komissiyalar formalaşdırılmalı, həkimin əməliyyatla bağlı əsaslandırması həmin komissiyalar tərəfindən qiymətləndirilməlidir. Yəni həkimin qərarının həqiqətən tibbi zərurətdən irəli gəldiyi, yoxsa şəxsi və kommersiya maraqlarına əsaslandığı müəyyənləşdirilməlidir.
Əks halda, ölkədə ciddi problemlər yarana bilər. Artıq elə bir vəziyyət formalaşıb ki, normal burun quruluşuna malik insanlar belə öz burunlarını kompleks hesab etməyə başlayırlar. Ətraflarında davamlı olaraq estetik əməliyyatlarla bağlı nümunələr gördükləri üçün öz normal görünüşlərindən narazı qalırlar və əməliyyata üz tuturlar.
Bu məsələdə həkimin vicdanına güvənməklə kifayətlənmək də doğru deyil. Bəzi həkimlər pasiyentin istəyini əsas gətirərək məsuliyyəti öz üzərlərindən atırlar. Halbuki həkim hər bir müdaxilənin tibbi zərurətini əsaslandırmalı, bunu sənədləşdirməlidir. Həmin əsaslandırma isə müvafiq qurum və ya xüsusi komissiya tərəfindən yoxlanılmalıdır. İnsan bədəninə müdaxiləni bazardan mal almaq və ya satmaq səviyyəsinə endirmək olmaz”.
Ekspert yetkinlik yaşına çatmayan şəxslərdə tibbi zərurət olmadan estetik əməliyyatların aparılmasını düzgün hesab etmir:
“Xüsusilə 18 yaşına çatmamış şəxslərdə tibbi göstəriş olmadan estetik əməliyyatların aparılması yolverilməzdir. Məsələn, burun çəpərinin əyriliyi varsa və bu, tənəffüs problemi yaradırsa, həmin əməliyyat tibbi göstəriş əsasında həyata keçirilə bilər. Bu, estetik əməliyyat hesab edilmir. Lakin sırf görünüşü dəyişdirmək məqsədilə 18 yaşdan aşağı şəxslərdə estetik müdaxilələrin aparılması düzgün deyil və bunun qarşısı alınmalıdır.
Nəzərə almaq lazımdır ki, xüsusilə gənc yaşda bədən quruluşu hələ dəyişməkdə davam edir. Məsələn, gələcəkdə hamiləlik zamanı qadının bədənində, qarın nahiyəsində və dərisində ciddi dəyişikliklər baş verir. Əvvəlki əməliyyatlar bu prosesə təsir göstərə, əlavə problemlər yarada bilər. İnsanlar hələ bu riskləri tam dərk etmədən estetik əməliyyatlara üz tuturlar. Bəzi həkimlər isə pasiyentin istəyini əsas götürərək bu müdaxilələri həyata keçirirlər.
Hesab edirəm ki, Azərbaycanda estetik əməliyyatlarla bağlı vahid tibbi meyarlar və ciddi nəzarət mexanizmi hazırlanmalı, bütün müdaxilələr həmin tələblərə uyğun şəkildə həyata keçirilməlidir”.
Mənbə:
bakupost.az