Uşağın doğulmasına 1500 manat ayrılacaq, bəs böyüdülməsinə?
04 Nov 2026, 12:37
1 baxış
Admin
Azərbaycanda uşağın doğulmasına görə verilən birdəfəlik müavinətin artırılması gözlənilir.
“Bakupost” xəbər verir ki, müvafiq dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində nəzərdə tutulub.
Layihəyə əsasən, gələn ildən uşağın doğulmasına görə birdəfəlik müavinət 1500 manat təşkil edəcək. 2026-cı ildə bu məbləğ 600 manat olub. Beləliklə, ödəniş 900 manat və ya 2,5 dəfə artırılacaq.
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Bakupost”a bildirib ki, müavinətin 600 manatdan 1500 manata qaldırılması ailələr üçün əhəmiyyətli sosial dəstəkdir:
“Ödənişin 2,5 dəfə artırılması yeni doğulan uşağın ilkin xərclərinin müəyyən hissəsini qarşılamağa imkan verəcək”.
Ekspertin sözlərinə görə, əlavə 900 manat xüsusilə aztəminatlı ailələr üçün hissolunan dəstək olacaq:
“Uşaq arabası, beşik, geyim, gigiyena vasitələri, dərman və qida kimi ilkin ehtiyaclar ailə büdcəsinə ciddi yük yaradır”.
Bununla belə, Akif Nəsirli hesab edir ki, müavinətin artırılmasını demoqrafik vəziyyətə ciddi təsir göstərəcək əsas vasitə kimi qiymətləndirmək düzgün olmaz:
“Çünki uşağın doğulması birdəfəlik xərclərlə müşayiət olunsa da, onun böyüdülməsi illərlə davam edən maliyyə məsuliyyətidir. Ailələrin daha çox ehtiyac duyduğu dəstək isə davamlı olmalıdır. İş imkanları, mənzil şəraiti, uşaq bağçalarının əlçatanlığı, tibbi xidmətlər və aylıq sosial ödənişlər də mühüm rol oynayır.
Bu addım dövlətin ailələrə sosial dəstəyinin gücləndirilməsi baxımından müsbət qiymətləndirilməlidir. Lakin onun real təsirini artırmaq üçün birdəfəlik müavinətlə yanaşı, uşağın böyüdülməsi prosesində ailələrə göstərilən davamlı dəstək mexanizmləri də genişləndirilməlidir”.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az