Ağ Ev İsrailə hərbi yardımı dayandırır – Analoji addım Misiri də gözləyə bilər
04 Nov 2026, 13:29
2 baxış
Admin
ABŞ Prezidenti Donald Trampın İsrailə hərbi yardımın 2026-cı ilin sonunadək dayandırılacağını açıqlaması İsrailin maliyyə və müdafiə qurumlarında təəccüblə qarşılanıb.
“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Maliyyə Nazirliyi yardımın dayandırılması ilə bağlı Baş nazirin ofisindən hər hansı rəsmi sənəd almadığını bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, yardımın dayandırılması niyyətindən xəbərdar olsalar da, qərarın bu qədər tez həyata keçirilməsi gözlənilməz olub.
İsrailin “Ynet” portalı Maliyyə Nazirliyindəki yüksəkvəzifəli mənbəyə istinadən qərarın ölkə iqtisadiyyatı üçün ciddi nəticələr doğura biləcəyini yazıb. Bildirilib ki, qarşıdakı iki il üçün nəzərdə tutulan yardımdan imtina İsrailin təxminən 8 milyard dollar vəsaitdən məhrum olması deməkdir.
Qeyd edək ki, ABŞ ilə İsrail arasında qüvvədə olan razılaşmaya əsasən, Vaşinqton 2028-ci ilədək İsrailə hər il 3,8 milyard dollar hərbi yardım ayırmalıdır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Bakupost”a bildirib ki, Trampın bu addımında təəccüblü heç nə yoxdur:
“İsrailin Baş naziri Benyamin Netanyahu da bir müddət əvvəl ölkəsinin artıq bu yardıma ehtiyac duymadığını söyləmişdi”.
Ekspertin fikrincə, Netanyahu ABŞ-nin qərarlarından asılı olmaq istəmir:
“Tramp isə biznesmen olduğundan kiməsə əlavə pul verməkdə maraqlı deyil. Amma bu, iki ölkə arasındakı ittifaqın və koordinasiyanın zəifləyəcəyi anlamına gəlməməlidir”.
Elxan Şahinoğlu hesab edir ki, ABŞ İsrailin ardınca Misirə ayrılan hərbi yardımı da dayandıra bilər:
“Vaşinqton Misirə də analoji yardım ayırır. Tramp İsrailə hərbi maliyyə dəstəyini dayandırırsa, mümkündür ki, yaxın müddətdə Misirlə bağlı da eyni qərarı versin. Misirə ildə 2 milyard dollara yaxın yardım ayrılır. Misirin iqtisadi göstəriciləri İsraillə müqayisədə zəif olduğundan belə bir qərar onun iqtisadiyyatına ciddi mənfi təsir göstərə bilər”.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az