Digər

Badamın daha bir faydası üzə çıxdı: Xolesterolu azaltmağa kömək edir

02 Nov 2026, 17:14 2 baxış Admin
Badamın daha bir faydası üzə çıxdı: Xolesterolu azaltmağa kömək edir

Badamın müntəzəm istehlakı “pis” xolesterolun səviyyəsini aşağı salmağa, iltihabı azaltmağa və çəkiyə nəzarət etməyə kömək edə bilər.

News24.az xəbər verir ki, bu qənaətə Səudiyyə Ərəbistanının Qassim Universitetinin alimləri gəlib. Tədqiqatın nəticələri “Frontiers in Nutrition” jurnalında dərc olunub.

Araşdırma çərçivəsində mütəxəssislər badamın yetkin insanların sağlamlığına təsirini öyrənən səkkiz sistematik icmalı və randomizə edilmiş sınaqların meta-analizlərini nəzərdən keçiriblər. Onlar məhsulun metabolik göstəricilərə, bədən çəkisinə, iltihaba və iştahaya təsirini qiymətləndiriblər.

Nəticələr badam istehlakının ümumi xolesterolun, eləcə də “pis” xolesterol kimi tanınan aşağı sıxlıqlı lipoproteinlərin (LDL) səviyyəsinin azalması ilə əlaqəli olduğunu göstərib. Bundan başqa, ürək-damar xəstəlikləri riski ilə əlaqəli bəzi digər lipid göstəricilərində də yaxşılaşma qeydə alınıb.

Ayrı-ayrı təhlillər zamanı gündə ən azı 50 qram badamın 12 həftə və ya daha uzun müddət ərzində istehlakının bədən çəkisinin, bel çevrəsinin və bədən yağının azalması ilə əlaqəli olduğu müəyyən edilib. İştirakçılar həmçinin aclıq hissinin azaldığını bildiriblər.

Tədqiqatçılar badamın sağlam qidalanma rasionunun bir hissəsi kimi faydalı ola biləcəyini qeyd ediblər.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər