Cəmiyyət

Bilikdə 4-cü sinifdə oğlanlardan öndə olan qızlar 15 yaşda niyə geriləyir?

23 Oct 2026, 15:32 1 baxış Admin
Bilikdə 4-cü sinifdə oğlanlardan öndə olan qızlar 15 yaşda niyə geriləyir?

Em və təhsil naziri Emin Əmrullayev “Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illiyi və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin yaradılmasının 125-ci ildönümünə həsr olunmuş yubiley tədbirində bildirib ki, son illər təhsil sahəsində aparılan qiymətləndirmə layihələrində bütün ölkələrdə 4-cü siniflərdə keçirilən tədqiqatlarda qızların nəticələri oğlanların nəticələrindən daha yuxarı olur.
Eyni zamanda, nazir onu da vurğulayıb ki, 15 yaşlı uşaqların nəticələrinə baxdıqda isə nəticənin oğlanların xeyrinə dəyişdiyini görürük.
Bu da onu deməyə əsas verir ki, yuxarı siniflərdə qızlar oğlanlarla müqayisədə dərsə, bilik əldə etməyə daha az maraq göstərirlər. Bu müddətdə görəsən nə baş verir ki, qızların nəticələri aşağı düşür?
Təhsil eksperti Sona Əliyeva “Bakupost”a bildirib ki, qızlarla oğlanlar arasında nəticə fərqi məsələsinə birtərəfli yanaşmaq doğru deyil, çünki, mənzərə daha mürəkkəbdir:
“Əvvəlcə burada dəqiqləşdirmə lazımdır. Nazirin dediyi qanunauyğunluq hər fənn üzrə eyni deyil. Oxu bacarığında qızlar həm 4-cü sinifdə, həm də 15 yaşında oğlanlardan öndədir. Riyaziyyatda isə beynəlxalq “TIMSS 2023” tədqiqatına görə, 58 ölkənin 40-da oğlanlar artıq 4-cü sinifdə qızları qabaqlayıb”.
Yəni, müsahibimizə görə, problem ümumi deyil, əsasən riyaziyyat və dəqiq elmlərlə bağlıdır: “Azərbaycanın qiymətləndirmələrində mənzərə fərqli ola bilər və nazir məhz bunu nəzərdə tutub. Bu da onu göstərir ki, məsələ dərindən araşdırılmalıdır”.
Ekspert qeyd edir ki, fərqin haradan qaynaqlanması bir neçə səbəblə bağlıdır:
“Birincisi, yeniyetməlik dövrü mütləq şəkildə öz təsirini göstərir. 11-15 yaş həm qızlar, həm də oğlanlar üçün çətin mərhələdir, amma bu çətinlik fərqli formada özünü göstərir. Psixoloji araşdırmalar göstərir ki, bu yaşda qızlarda özünə inam daha çox enir, səhv etmək qorxusu artır. Riyaziyyat kimi səhvin açıq göründüyü fənlərdə bu, nəticəyə birbaşa təsir edir”.
İkincisi amil S. Əliyevanın fikrincə, gözləntilər və stereotiplər məsələsidir:
“Riyaziyyatın “oğlan fənni” olduğu fikri bir çox cəmiyyətdə hələ də mövcuddur. Ailə də, müəllim də bunu bəzən fərqinə varmadan ötürür. UNESCO mütəxəssisləri də vurğulayırlar ki, riyaziyyatdakı fərq qabiliyyətlə deyil, təhsil təcrübəsi ilə izah olunur”.
Həmsöhbətimiz yaranmış vəziyyətdə sosial şəraitin də önəmli rol oynadığı qənaətindədir: “Bəzi ailələrdə, xüsusilə regionlarda, yeniyetmə qızın üzərinə ev işləri düşür, onun gələcəyi daha çox ailə həyatı ilə bağlanır. Bu da təhsilə motivasiyanı zəiflədir”.
Təhsil eksperti hesab edir ki, indiki halda bu səbəblərin heç biri tək başına həlledici deyil, əslində onlar bir-birini tamamlayır.
Bu səbəbdən müsahibimiz düşünür ki, problemin həlli üçün sadə həll axtarmaq səhv yoldur:
“Qərəzsiz yanaşma oğlanların problemlərini də görməyi tələb edir. Oxu bacarığında oğlanlar bütün yaş qruplarında geri qalırlar. Məktəbi yarımçıq tərk edənlər, intizam problemi olanlar arasında da oğlanlar çoxluq təşkil edir. Deməli, təhsil sisteminin vəzifəsi bir qrupu digərinin hesabına irəli çəkmək deyil, hər uşağın zəif tərəfini vaxtında görməkdir”.
Yaranmış durumda nə etmək lazım olduğuna gəldikdə, ekspert deyir ki, öncə dəqiq diaqnoz qoyulmalıdır:
“Hansı fəndə, hansı regionda, hansı yaşda fərqin yarandığı milli səviyyədə araşdırılmalıdır. Müəllimlər sinifdə qızlara da, oğlanlara da bərabər imkan və söz verməyi öyrənməlidir. Yeniyetmə şagirdlərə psixoloji dəstək və karyera yönümü gücləndirilməli, ailələrlə maarifləndirmə aparılmalı, qızın təhsilinin də oğlanın təhsili qədər dəyərli olduğu izah edilməlidir. Belə olan təqdirdə, bu fərq bir neçə il ərzində xeyli azala bilər. Nazirin məsələni açıq şəkildə gündəmə gətirməsi də müsbət addımdır, çünki problemi görməmək onu həll etməkdən daha təhlükəlidir. Deməli, məqsəd qızlarla oğlanları yarışdırmaq deyil, hər uşağa öz potensialını tam açmaq imkanı yaratmaqdır”.
Rüfət Sultan,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər