Azərbaycanda şəhər və rayonlar dövlət büdcəsindən pul almayacaq -
23 Oct 2026, 11:24
2 baxış
Admin
2027-ci ildə Azərbaycanda 67 şəhər və rayonun heç biri dövlət büdcəsindən maliyyə yardımı almayacaq. Bu ərazi vahidlərinin gələn il öz xərclərini tam şəkildə qarşılaya biləcəyi gözlənilir.
"Bakupost" xəbər verir ki, bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub.
Layihəyə əsasən, gələn il dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı proqnozlaşdırılır.
Bəs regionlar bu maliyyə müstəqilliyinə necə nail olacaq?
Mövzu ilə bağlı "Bakupost"a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, 67 şəhər və rayonun dövlət büdcəsindən dotasiya almadan öz xərclərini qarşılaya bilməsi regionların maliyyə müstəqilliyinin artırılması baxımından müsbət addımdır. Lakin burada əsas məsələ yalnız büdcə gəlirlərinin xərcləri ödəməsi deyil, həmin gəlirlərin hansı iqtisadi mənbələr hesabına formalaşmasıdır:
V.Orucun sözlərinə görə, regionların maliyyə dayanıqlılığı, ilk növbədə, yerli istehsalın genişlənməsi, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlıdır:
"Əgər bir rayon öz gəlirlərini real iqtisadi fəaliyyətin, yeni müəssisələrin, xidmət sektorunun və daşınmaz əmlak bazarının inkişafı hesabına artırırsa, bu, artıq dayanıqlı inkişafın göstəricisidir. Digər tərəfdən, 2027-ci il üzrə dövlət büdcəsinin gəlirlərinin 39,254 milyard manat, xərclərinin isə 42,4 milyard manat proqnozlaşdırılması xərclərin gəlirləri 3,146 milyard manat üstələdiyini göstərir. Belə bir şəraitdə regionların öz gəlirləri hesabına maliyyələşmə imkanlarının genişlənməsi dövlət büdcəsinin üzərindəki yükün azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.
Ancaq bir məqamı da nəzərə almalıyıq: dotasiyadan asılılığın azalması avtomatik olaraq iqtisadi müstəqillik demək deyil. Əsas göstərici regionun nə qədər gəlir toplaması ilə yanaşı, bu gəlirlərin nə dərəcədə davamlı olması, iqtisadi fəallığın hansı səviyyədə inkişaf etməsi və əhalinin məşğulluğuna necə təsir göstərməsidir.Xüsusilə torpaq və daşınmaz əmlakdan əldə olunan gəlirlər, yerli sahibkarlığın genişlənməsi, sənaye və kənd təsərrüfatı istehsalının artması regionların maliyyə potensialının gücləndirilməsində mühüm rol oynaya bilər. Bununla yanaşı, gəlirlərin yalnız inzibati və ya birdəfəlik mənbələr hesabına artması uzunmüddətli maliyyə dayanıqlılığı üçün kifayət etmir".
V.Oruc hesab edir ki, qarşıdakı dövrdə regionların inkişafını yalnız büdcə göstəriciləri əsasında qiymətləndirmək düzgün olmaz.
Onun fikrincə, hər bir şəhər və rayon üzrə yaradılan yeni iş yerləri, fəaliyyətə başlayan müəssisələr, özəl investisiyaların həcmi, yerli məhsul istehsalı və əhalinin gəlirlərindəki dəyişikliklər də nəzərə alınmalıdır:
"Əsas hədəf regionların sadəcə dotasiyadan imtina etməsi deyil, öz iqtisadi potensialı hesabına inkişaf edən, investisiya cəlb edən və rəqabətqabiliyyətli iqtisadi mərkəzlərə çevrilməsidir. Yalnız bu halda maliyyə müstəqilliyi formal büdcə göstəricisi olmaqdan çıxaraq real iqtisadi inkişafın nəticəsinə çevrilə bilər".
Lalə Novruz, BakuPost
Mənbə:
bakupost.az