“Sürgün sevgi”nin Sumqayıtda premyerası oldu
22 Oct 2026, 23:20
4 baxış
Admin
Bu gün Sumqayıt Dövlət Teatrında Xalq şairi Sabir Rüstəmxanlının “Sürgün sevgi” pyesi əsasında hazırlanmış ikihissəli milli faciə tamaşasının premyerası keçirilib.
"Bakupost" xəbər verir ki, anşlaqla keçən premyerada Milli Məclisin deputatları, ölkənin tanınmış ictimai və mədəniyyət xadimləri, sənət adamları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun quruluş verdiyi, musiqisi bəstəkar Cavanşir Quliyevə məxsus olan tamaşa Azərbaycan xalqının yaşadığı repressiyaları, milli azadlıq mübarizəsini, sürgün talelərini və bütün çətinliklərə rəğmən yaşanan sevgi hekayəsini özündə əks etdirir.
Tarixi yaddaşımızı, milli-mənəvi dəyərlərimizi və insan talelərini təsirli səhnə dili ilə təqdim edən tamaşa izləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Premyeranın sonunda Xalq şairi Sabir Rüstəmxanlı və rejissor Ağalar İdrisoğlu çıxış edərək tamaşaçılara və yaradıcı heyətə təşəkkürlərini bildiriblər.
Mənbə:
bakupost.az