Ekran asılılığının yaratdığı təhlükələrlə bağlı
26 Sep 2026, 15:16
1 baxış
Admin
Müasir dövrdə uşaqların rəqəmsal texnologiyalardan və smartfonlardan istifadəsi qaçılmaz hala gəlib. İdarəolunmaz ekran istifadəsi azyaşlıların həm psixoloji sağlamlığına, həm də sosial inkişafına ciddi təhlükə yaradır. Uzun müddət telefondan istifadə edən uşaqlar real həyatda ünsiyyətə daha az vaxt ayıra bilərlər. Bu isə onların sosial bacarıqlarının inkişafına təsir edir. Uşaq ailəsi və yaşıdları ilə söhbət etmək, oyun oynamaq və birlikdə vaxt keçirmək əvəzinə vaxtının böyük hissəsini ekranda keçirə bilər.
Smartfonlardan həddindən artıq istifadə uşaqların gündəlik rejimini də poza bilər. Xüsusilə gecə saatlarında telefondan istifadə yuxu rejiminə mənfi təsir göstərə bilər. Uşaq səhər yuxudan çətinliklə oyana, gün ərzində yorğun ola və dərslərinə diqqətini toplamaqda çətinlik çəkə bilər.
Bəs uşaqlarda ekran asılılığının qarşısını necə almaq olar və valideynlər hansı nəzarət mexanizmlərindən istifadə etməlidirlər?
"Bakupost" xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən psixoloq Zeynəb Əyyubova burada əsas məsələnin texnologiyanın özündən çox, uşağın ekran qarşısında keçirdiyi vaxtın miqdarı və baxılan məzmunun xüsusiyyəti olduğunu bildirib:
"Nəzarətsiz ekran istifadəsi uşaqlarda yuxu rejiminin pozulmasına, diqqətin dağılmasına, fiziki aktivliyin azalmasına, sosial ünsiyyətin məhdudlaşmasına və emosional gərginliyin artmasına səbəb olur. Xüsusilə də rəqəmsal mühit uşağın dərsini, yuxusunu, ailə münasibətlərini və real sosial fəaliyyətlərini əvəz etməyə başladıqda məsələyə daha ciddi yanaşmaq lazımdır".
Çıxış yolu telefonu güclə uşağın əlindən almaqdı?
Mütəxəssis vurğulayıb ki, valideynlər üçün ən vacib məqam yalnız “telefonu əlindən almaq” yox, uşağın rəqəmsal davranışına sağlam sərhədlər müəyyənləşdirməkdir:
"Ailədə ekran vaxtı ilə bağlı əvvəlcədən qaydalar qoyulmalı, xüsusilə yemək zamanı və yatmazdan əvvəl telefon istifadəsi məhdudlaşdırılmalıdır. Eyni zamanda uşağın yaşına uyğun və təhlükəsiz məzmun seçilməlidir.
Burada valideynin özü də uşağa şəxsi nümunə olmalıdır. Özü daim telefonda olan valideynin uşaqdan telefonu kənara qoymağı tələb etməsi inandırıcı olmur. Buna görə də evdə 'ekransız vaxt' və 'ekransız məkanlar' təyin etmək ən effektiv addımlardandır".
"Ekran uşağı sakinləşdirmək üçün vasitəyə çevrilməməlidir"
Zeynəb Əyyubova diqqətə çatdırıb ki, uşağı sakitləşdirmək və ya başını qatmaq üçün ona telefon vermək gələcəkdə böyük psixoloji problemlərə yol aça bilər:
"Uşağın emosiyalarını tənzimləməyi, darıxmağı və problemlərlə baş etməyi yalnız ekran vasitəsilə öyrənməsi düzgün deyil. Bunun əvəzinə fiziki aktivlik, açıq havada gəzinti, oyunlar, kitap oxumaq və ailəvi ünsiyyət kimi alternativlər yaradılmalıdır".
Mütəxəssis dəstəyi nə vaxt vacibdir?
Psixoloq hansı hallarda həyəcan təbili çalınmalı olduğunu da açıqlayıb:
"Əgər uşaq ekran istifadəsinə nəzarət edə bilmir, telefonu azaltmaq cəhdlərinə aqressiv və kəskin emosional reaksiya verir, yuxu və dərs rejimi pozulur, real həyatdan uzaqlaşırsa, mütləq mütəxəssis dəstəyi alınmalıdır.
Əsas məqsəd uşağı texnologiyadan tamamilə təcrid etmək deyil, onun rəqəmsal mühitdən balanslı və yaşına uyğun istifadəsini təmin etməkdir. Qadağalardan ziyadə, ardıcıl qaydalar və uşağın ehtiyaclarını anlamaq önəmlidir", – deyə ekspert fikrini tamamlayıb.
Mənbə:
bakupost.az