Vətəndaş oğurluqdan necə qorunacaq? – Kart sayına qoyulan qadağanın
25 Sep 2026, 13:20
1 baxış
Admin
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub.
"Bakupost" xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib.
Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır.
Banklardan bəziləri bu məhdudiyyəti tətbiq etsə də, digərləri oktyabrın 1-dən satışı dayandıracaq.
Ona əsasən vətəndaşın bir aktiv debet kartı varsa, bundan sonra o, eyni valyutada ikincini sifariş verə bilməyəcək.Qeyd edək ki, fərqli valyutada bir vətəndaş ikinci debet kartı sifariş edə bilir.
Bu qadağa nə məqsəd daşıyır, nəyə xidmət edir? Nəticələri nə olacaq?
Maliyyə-bank eksperti Əkrəm Həsənov “Bakupost”a bildirib ki, Azərbaycanda son illər qeyri-adi, əcaib vəziyyət yaranıb:
“Əvvəl vətəndaşın xarici valyuta alışına məhdudiyyət qoydular. İldə yalnız 20 min dollar ala bilər. Heç bir dövlət orqanı bu qərarın məsuliyyətini üzərinə götürmədi. Sonra bəlli oldu ki, bunu banklar özləri edib. Bu günlərdə də kartdan karta köçürməyə məhdudiyyət qoydular, amma yenə də heç bir dövlət orqanı məsuliyyəti öz üzərinə götürmədi. Dedilər, addım Banklar Assosiasiyası tərəfindən atılıb. İndiki addımı da yəqin ki, bankların üzərinə atacaqlar. Belə görünür, özəl qurumlar vətəndaşlara məhdudiyyətlər qoyur”.
Ekspert bu addımların Konstitusiyaya zidd olduğunu söylədi:
“Aydındır ki, heç bir kommersiya strukturu, banklar özü özünün ticarətinə məhdudiyyət qoymaz. Deməli, bu addıma gedənlər banklar deyil. Sadəcə bunu bankların əli ilə edirlər. Bu da ölkədə normal bazar iqtisadiyyatının olmadığını göstərir”.
Məqsəd isə həmsöhbətimizin fikrincə, nəzarəti asanlaşdırmaqdır:
“Məmurlarımız tənbəldir, əksəriyyəti də savadsız. Normal nəzarət edə bilmirlər, ona görə də belə məhdudiyyətlərə əl atırlar”.
Ə.Həsənov qeyd edir ki, vətəndaşın bir bankda bir neçə kartının olması kartdan pulun oğurlanmasının qarşısını almaqla bağlıdır:
“Əksər vətəndaşlarımızın bir bankda onsuz da bir kartı var. Amma bəzi vətəndaşlar bir bankda iki ədəd debet kartı saxlayır. Onlar bir kartda pulunu saxlayır, digəri ilə isə ödənişlərini edir. Bununla kartından pulun oğurlanmasının qarşısını alırlar. Məsələn, bir kartında 5 min manat saxlayır. Ödənişlər etmək lazım olanda isə kartından digər karta atır. Yəni ödənişlər zamanı daimi pulunu saxlamadığı kartdan istifadə edir ki, burada da oğurlanası bir şey yoxdur. İndi isə insanları bu imkandan məhrum edəcəklər”.
Yeni qaydanın tətbiqi fonunda müştərinin bir bankdakı digər kartlarının taleyinin necə olacağına gəldikdə, müsahibimiz bildirdi ki, belə olan halda yəqin bank bütün vəsaitlərin seçim əsasında bir karta köçürülməsini təklif edəcək:
“Yerdə qalan digərlərini isə bağlayacaq. Amma bu eyni valyutada olanlara aiddir. Yəni ola bilər insanın ayrı-ayrı valyutalarda bir neçə kartı var. Bunlara şamil deyil. Burada ikinci variant da ola bilər. Məsələn, deyə bilərlər ki, qərar köhnələrə deyil, kartlarla bağlı bundan sonrakı proseslərə şamil ediləcək”.
Rüfət Sultan, BakuPost
Mənbə:
bakupost.az