Ərdoğan beş ölkə ilə bağlı çağırış etdi – “Ləğv olunmalıdır”
22 Sep 2026, 09:57
1 baxış
Admin
“Fərqli coğrafiyaların təcrübəsini, potensialını və iradəsini qlobal və regional məsələlərin həllinə cəlb etmək məcburiyyətindəyik. “Dünya beşdən böyükdür” çağırışımız bu baxımdan daha geniş məsuliyyət anlayışına dəvətdir”.
"Bakupost" Teleqraf-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“İslahat ehtiyacını artıq konkret yol xəritəsinə çevirmək zəruridir. Bu yol xəritəsinin mərkəzində isə veto imtiyazının ləğvi dayanmalıdır. Çünki BMT Təhlükəsizlik Şurasına imtiyazlı yeni üzvlərin əlavə edilməsi qərar qəbuletmə səlahiyyətinin bir neçə dövlətin əlində cəmləşməsi problemini həll etmir və imtiyazlı strukturun əhatə dairəsini genişləndirir. Veto imtiyazının ləğvi hər cür mənalı islahatın həm başlanğıc nöqtəsi, həm də əsas strateji hədəfi olmalıdır. İslahat eyni imtiyazın başqa dövlətlərə də verilməsi mənasına gələ bilməz. Baş BMT Baş Assambleyasının tərkibində heç bir dövlətin beynəlxalq ictimaiyyətin əksəriyyətinin iradəsini daimi şəkildə əngəlləmək səlahiyyətinə malik olmaması prinsipi ətrafında geniş koalisiya yaradılmalıdır”, - dövlət başçısı bildirib.
BMT Təhlükəsizlik Şurası ilə BMT Baş Assambleya arasındakı tarazlığın da yenidən qurulmasının zəruriliyini vurğulayan Prezident Ərdoğan qeyd edib:
“Baş Assambleyanın səlahiyyətləri gücləndirilməli, daimi üzvlüyün olmadığı, Təhlükəsizlik Şurasının üzvlərinin Baş Assambleya tərəfindən müəyyən müddətlər üçün növbəli şəkildə seçildiyi, yenidən vəzifə almaq istəyən ölkələrin seçkilərdə üzvlərin əksəriyyətinin etimadını yenidən qazandığı bir strukturla Təhlükəsizlik Şurasının təmsilçilik qabiliyyəti və Baş Assambleya qarşısında hesabatlılığı artırılmalıdır. Gələcəyin beynəlxalq nizamını keçmişin iyerarxiyalarını qoruyub saxlamaqla qura bilmərik.
Bəşər tarixi baxımından kifayət qədər qısa sayıla biləcək son dörddəbir əsrdə baş verən inkişaflar heç bir güc balansının və heç bir beynəlxalq nizamın əbədi olmadığını göstərdi. Bəşəriyyətə sülh, sabitlik və ümumi rifah vəd edən sistem yeni müharibələrin qarşısını almaqda, bərabərsizlikləri azaltmaqda və dəyişən güc balanslarına cavab verməkdə yetərsiz qaldı”.
Türkiyə lideri iqtisadiyyatdan təhlükəsizliyə, texnologiyadan diplomatiyaya qədər yeni güc mərkəzləri meydana çıxarkən beynəlxalq qurumların bu transformasiyaya eyni sürətlə uyğunlaşa bilmədiyinə diqqət çəkib.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası beş daimi üzvdən ibarətdir, bura Fransa, Rusiya, Böyük Britaniya, Çin və ABŞ daxildir.
Mənbə:
bakupost.az