Cəmiyyət

Aybəniz Haşımovanın varlığı - Üzeyir bəyə görə Tanrıya minnətdarlıq

19 Sep 2026, 10:31 2 baxış Admin
Aybəniz Haşımovanın varlığı - Üzeyir bəyə görə Tanrıya minnətdarlıq

Ceyhun Musaoğlu
Əgər söhbət Üzeyir bəy Hacıbəylidən gedirsə, hər gün onun günüdür. 18 sentyabr təqvim günü kimi dünəndə qaldı, Milli Musiqi Gününün səbəbkarı Üzeyir bəy sabahdır, bütün sabahlardan sonra başlayan hər gündür. Nə yaxşı, bu gerçəyi adam-adam, ev-ev, küçə-küçə hər kəsə anlatmaq istəyən seçilmişlərimiz var, onların sırasında Aybəniz Haşımova Günəş kimi parıldayır.
O günəş şüaları ilə 17 sentyabrda Abbas Mirzə Şərifzadə adına mədəniyyət evinin qarşısına toplaşanları, yoldan ötənləri, binalardan baxanları hadisə barədə məlumatı mediadan oxuyanları nura qərq etmişdi.
Aybəniz xanım növbəti möcüzə yaşadırdı; mədəniyyət evində sənət dərsi alan mələklər dahi Üzeyir bəyin böyük portreti qarşısında istedadlarını nümayiş etdirirdilər.
Oxuyan kim, şeir deyən kim, şahmat oynayan, rəsm çəkən kim... Uşaqlar sözün mənəvi mənasında dahi ustadın ruhuna, hərfi mənada Aybəniz xanımın özünə sarılmışdılar. Eyni eşqi artıq çoxdan püxtələşmiş, yerli və beynəlxalq səhnələri fəth etmiş Sənət Akademiyasının tələbələrində də gördüm. Biz heç... biz Aybəniz xanımın həqiqətən büsbütün varlığının fanatıyıq.
O, təkcə mədəniyyət xadimi deyil, həm də insanlığın xadimidir.
Tədbirin bədii hissəsindən sonra mədəniyyət evində Üzeyir bəyin adına açılan süfrənin ətrafında toplaşdıq. Əsrarəngiz istedada malik sənət adamları ilə bir araya gəlmək, onları dinləmək, səmimi ünsiyyət yaratmaq həmin anları xoşbəxt olmaqdır.
Süfrədəki təamları Aybəniz xanım məxsusi hazırlamışdı. Üzeyir bəyin əbədi varlığının işığında mədəniyyət və incəsənət xadimləri ilə Gəncə mətbəxinə xas bir-birindən ləzzətli yeməkləri bol ziyafətdə olmaq insanın əbədi axtardığı rahatlığın təcəssümü idi.
Sizi bizə bəxş edən, kainata şükür Üzeyir bəy, bir xalqın təfəkkür ritmində yaratdığınız ahəng Aybəniz xanımın ocağına hakim kəsilmişdi.
Aybəniz xanım, danışdı, oxudu, əlləri ilə hazırladığı yeməkləri boşqablara da öz əlləri ilə çəkdi. Bir tikəsini hamıyla böldü, bölür… Üzeyir bəy də eləymiş, onun əlindən su içən Şövkət xanım da, eləymiş, Şəfiqə xanım, Gülarə xanım da…
Deyirlər, Üzeyir bəyə işə gedəndə xanımı dürmək hazırlayıb qoyarmış, bəy də öz kənarda səliqə ilə ortadan bölüb ona verərmiş və qəbul etsin deyə, deyərmiş ki, Məleykə xanım Sizin üçün hazırlayıb. Həmin tələbə sonradan Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundova idi.
Eh, bir dürmək nədir ki, Üzeyir bəy həyatını, varlığını xalqı ilə böldü. Nəinki böldü, bütöv bağışladı. Bəli, Azərbaycan xalqının məhz musiqi irsinin möhtəşəmliyi Üzeyir bəyin qəhrəmancasına özünü məmləkətinə fəda etməsinin nəticəsidir.
Onun mənəvi tələbəsi Aybəniz xanım da hər tələbəsinə ən gözəl illərini, günlərini, bütövlükdə ömrünü həsr edib.
Hələ uzun illər nimdaş vəziyyətə düşmüş Abbas Mirzə Şərifzadə adına mədəniyyət evini bir ziyarət edin, adam o məkanı cənnətə çevirib.
Din deyir, Allah öz ruhundan üfürüb hamıya. Üzeyir bəy Aybəniz xanımdakı Allah ruhuna öz ruhundan əlavə edib. Ona görə Aybəniz Haşımova bu qədər müqəddəs enerji daşıyıcısıdır, ötürücüsü, qoruyucusudur.
Ürəyində 40 ildir ən ağır dərd daşıyan bu mələk xanım başqalarının da dərdini bölüşərək özününküləşdirməklə fədakarlıq nümunəsi yaradıb. O, hamını xoşbəxt, istedadlı, mədəni, ağıllı, Vətəninə gərəkli görmək istəyir. Görmək istəmək azdır, Aybəniz xanım bu missiyanın bayraqdarıdır.
Hər dəfə Fəxri Xiyabana gedəndə, xüsusən də hər il 18 sentyabr tarxində Üzeyir bəyi ziyarət edəndə dahi şəxsiyyətin dizləri üzərində çarpazladığı əllərindən öpürəm. Onun barmaqlarına bu sözləri pıçıldayıram:
- Rahat uyu, Böyük bəy. Arzuların Aybəniz xanımın timsalında çiçək açır, həmişə açacaq, Arxayın ol, Aybəniz xanım və gül misali davamçıları ən şiddətli şaxtaların belə, Azərbaycan incəsənətinə, xüsusən musiqi sənətinə bəxş etdiyiniz yaz ovqatını əritməyə imkan verməyəcək.
Aybəniz xanımın varlığı Sizi yaradan Tanrıya minnətdarlıq cavabıdır, Üzeyir bəy!

Content Image
Content Image
Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər