Milyonluq dələduzluq ittihamında yeni versiya:
18 Sep 2026, 23:44
1 baxış
Admin
Kəmaləddin Heydərovun oğlu Tale Heydərova yalan vəd verərək onun milyonlarla manatını ələ keçirməkdə təqsirləndirilən İntiqam Səfərəliyevin növbəti məhkəmə baxışı keçirilib.
"Bakupost" Oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən iclasda bu dəfə vəkillər bir-birinin suallarını cavablandırıblar.
Təqsirləndirilən İntiqam Səfərəliyevin vəkilinin zərərçəkən Tale Heydərovun vəkilinə ünvanladığı sualların əsas mahiyyəti məlum cinayət işi ilə bağlı ittiham olunan və barəsində cinayət işi başqa icraatda araşdırılan Abid Mamedovla bağlı olub. Təqsirləndirilənin müdafiəçisinin aydınlaşdırmaq istədiyi əsas məsələ isə İntiqam Səfərəliyevlə digər təqsirləndirilən Abid Mamedovun iş birliyinin olub-olmaması ilə bağlı qarşı tərəfin söykəndiyi arqumentlər olub.
Tərəflərin prosesdəki sual-cavabları zamanı vurğulanan vacib məqamlardan biri də İntiqam Səfərəliyevin özünün də xəbəri olmadan Abid Mamedov tərəfindən zərərçəkən iş adamına qarşı törədilən əmələ cəlb olunması ehtimalının ortaya qoyulması olub.
Növbəti proses oktyabrın 16-na təyin edilib.
Qeyd edək ki, "AzFinance İnvestisiya Şirkəti"nin direktoru, məşhur maliyyəçi İntiqam Səfərəliyev xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur.
İ.Səfərəliyev T.Heydərova yalan vəd verərək onun milyonlarla manat pulunu ələ keçirməkdə təqsirləndirilir.
Heydərovun şikayəti əsasında İ.Səfərəliyev barəsində həbs qətimkan tədbiri seçilib. Ona sanksiyasında 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda törədildikdə) maddəsi üzrə yekun ittiham verilib.
Onu da qeyd edək ki, İntiqam Səfərəliyev 2019-cu ildən "AzFinance İnvestisiya Şirkəti"nin direktoru işləyib. 15 ildən çox idarəçilik və pul vəsaitlərinin idarə edilməsi təcrübəsinə malik iş adamı Heydərovlara aid olduğu deyilən AFB Bankın Müşahidə Şurasının üzvü olub və başqa vəzifələrdə də çalışıb.
Xatırladaq ki, ötən proseslərdə İ.Səfərəliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə məhkəmə qərar verib və o, iclas zalından azadlığa buraxılıb.
Onu da qeyd edək ki, ittihamda İntiqam Səfərəliyevlə yanaşı adı keçən və dələduzluqda ittiham olunan Abid Mamedov adlı şəxsin cinayət işi başqa icraatda araşdırılır. O, hazırda ölkə hüdudlarından kənarda olduğu üçün barəsində axtarış elan edilib.
Mənbə:
bakupost.az