Elm vicdana çevriləndə... - Bir alim ömrünün mənası haqqında
18 Sep 2026, 15:08
1 baxış
Admin
Bu yazı ani yarandı. Pezidentin sərəncamını görcək, əvvəlcə içimdən bir elm adamından da çox elmin nüfuzunun keşiyində dayanmış bir insanın əməyinin qiymətləndirilməsinə görə ölkə prezidentinə təşəkkür etmək keçdi. Sonra isə ürəyimdən axan sətirlər sövq təbii, qarşısı açılmış sel kimi klaviaturanın şaqqıltısına qarışıb başladı ağ ekrana “tökülməyə”. Düşündüm ki, bu yazının mərkəzinə nə ordeni, nə vəzifəni, nə də görülmüş işlərin hesabatını qoyum, zatən, görünən dağa nə bələdçi, deyiblər. Mərkəzdə insan və onun elmə münasibəti dayanmalıdır. Professor Famil Mustafayev obrazı isə bu böyük mövzunu açmaq üçün başlanğıc nöqtəsi oldu.
İnsan ömrünün dəyəri O nə ilə ölçülür?
Yaşadığı illərləmi, qazandığı adlarla, tutduğu vəzifələrləmi? Yazdığı kitablarla, yetişdirdiyi tələbələrlə, gördüyü işlərləmi? Yoxsa bütün bunlardan daha böyük və daha çətin bir ölçü var: insanın ömrü boyu nəyə xidmət etməsi ilə?Bəlkə də ömrün həqiqi mənası məhz bu sonuncu sualın cavabındadır.
İnsanın həyatında elə bir məqam yetişir ki, peşə artıq peşə olmaqdan çıxır. Gündəlik məşğuliyyət həyat tərzinə, həyat tərzi əqidəyə, əqidə isə mənəvi məsuliyyətə çevrilir. İnsan gördüyü işi yalnız iş otağında yaşamır; onu düşüncələrində daşıyır, qərarlarında ifadə edir, münasibətlərində qoruyur. Bir müddətdən sonra harada peşənin bitdiyini, harada insanın özünün başladığını müəyyənləşdirmək çətin olur.
Elm də belədir. Elm insanın yalnız məşğul olduğu sahə olaraq qalanda peşədir. İnsan onu həyatının mənasına və mənəvi məsuliyyətinə çevirəndə isə alimlik başlayır.
Bəlkə buna görə alim olmaqla elmi dərəcə sahibi olmaq heç də həmişə eyni məna daşımır. Elmi dərəcəni təsdiqləyən diplom var, alimliyi təsdiqləyən diplom isə yoxdur. Onu illər, əsərlər, münasibət, mövqe və ən başlıcası – insanın elm qarşısındakı vicdanı təsdiq edir.
Bəzən insan ömrünü yaşadığı illər deyil, xidmət etdiyi dəyər müəyyənləşdirir. Kiminin həyatı sənətə, kimininki dövlətə, kimininki insanlara xidmətə, kimininki isə həqiqəti axtarmağa bağlanır.
Elm həqiqət axtarışıdır. Bu axtarışın isə dəyişməyən bir mənəvi şərti var: həqiqəti öz marağından üstün tutmaq. Məhz burada elm vicdan məsələsinə çevrilir.
Professor Famil Mustafayev vəzifəsi gərəyi həyatının mənasını elmi axtarışda arayan insanlara həmin o həqiqəti axtamağa, təəssübünü çəkməyə, ləyaqətini qorumağa kömək edən insandır.
Elmin vicdanı insanın vicdanıdır
Elm özü nə yalan danışır, nə saxtakarlıq edir, nə başqasının fikrini mənimsəyir, nə də həqiqəti şəxsi maraqlara uyğunlaşdırır. Bunları insan edir.
Deməli, elmin vicdanı onunla məşğul olan insanların vicdanıdır.
Elmin ləyaqəti də alimlərin ləyaqətindən başlayır.
Alim səhv edə bilər. Elmi axtarışın təbiətində yanılmaq da var. Dünən həqiqət hesab edilən nəzəriyyənin sabah yanlış olduğu üzə çıxa bilər. Amma elmin səhvi ilə elmdə vicdansızlıq arasında böyük fərq mövcuddur. Birincisi axtarışın təbii nəticəsidir, ikincisi isə elmin mahiyyətinə xəyanətdir.
Ona görə elmi etika elmin yanında dayanan əlavə mənəvi kateqoriya deyil. O, elmin özünün mövcudluq şərtlərindən biridir. Bu baxımdan ömrünü elmə həsr etmək yalnız müəyyən bir elm sahəsində tədqiqat aparmaq, kitab və məqalələr yazmaq demək deyil. Elmin nüfuzunu, onun meyarlarını, alim adının ləyaqətini qorumaq da elmə xidmətdir.Professor Famil Mustafayevin keçdiyi ömür yoluna nəzər salarkən məni daha çox düşündürən də məhz budur.
Alimlikdən missiyaya
Sentyabrın 18-i professor Famil Mustafayevin 60 yaşı tamam olur.
60 il... Bir insan ömrü üçün çox deyil. Amma ömrün dəyərini təqvimin rəqəmləri müəyyənləşdirsəydi, bütün altmış yaşlar bir-birinə bənzəyərdi. Halbuki bənzəmir. Çünki ömrü illərdən çox, həmin illərə verilən məna fərqləndirir.
Famil Mustafayev iqtisad elmləri doktoru, professor, çoxsaylı elmi əsərlərin və sanballı monoqrafiyaların müəllifidir. Uzun illər elmi-pedaqoji fəaliyyət göstərib. Bütün bunlar onun alim bioqrafiyasının faktlarıdır.
Amma insanın bioqrafiyasında faktlardan başqa bir şey də var – xətt.
İlləri bir-birinə bağlayan, ayrı-ayrı vəzifələri və fəaliyyət mərhələlərini vahid mənaya çevirən xətt.Famil Mustafayevin həyatında həmin xətt elmdir.
Lakin 2019-cu ildən həmin xətt yeni məzmun qazandı. Ali Attestasiya Komissiyasına rəhbərlik artıq təkcə özünün alim kimi elmə xidmət etməsi deyil, bütövlükdə elmi fəaliyyətin qiymətləndirilməsi sisteminə görə məsuliyyət demək idi.Bu isə tamamilə başqa məsuliyyətdir.
Alim öz tədqiqatına cavabdehdir. Elmi təşkilatın rəhbəri isə həm də meyara cavabdehdir. Meyar isə elmdə çox şey deməkdir.Haradan başlayır alimlik? Hansı tədqiqat elmi yenilikdir? Elmi nəticənin etibarlılığını nə müəyyənləşdirir? Elmi adın arxasında hansı keyfiyyət dayanmalıdır? Cəmiyyət “alim” dediyi insandan nə gözləməlidir?
Bunlar yalnız normativ sənədlərin sualları deyil. Bunlar elmin özünə verdiyi suallardır. Və həmin suallara verilən cavablar bütövlükdə ölkənin elmi mühitinin keyfiyyətini müəyyənləşdirir.
Öz təcrübəmizdən çıxış edərək deyək ki, uzun illər Attestasiya Komissiyasının umsuq qaldığı əsas iş meyarı prinsipiallıq və ədalət olmuşdur. Prinsipiallıq sərtlik deyil. Ədalət də hamıya eyni nəticəni vermək deyil. Elmdə ədalət hamıya eyni meyarı tətbiq etməkdir. Tanışa da, tanımadığın adama da; nüfuzlu şəxsə də, gənc tədqiqatçıya da.
Famil Mustafayevin portretinin bir vacib cizgisi məhz budur – meyara sədaqət anlayışı.
İslahatın görünməyən tərəfi
F.Mustafayev 2019-cu ildə Ali Attestasiya Komissiyasının sədri təyin olunanda qarşıda yalnız inzibati idarəçilik vəzifəsi dayanmırdı. Elmi attestasiya sisteminin nüfuzunu gücləndirmək, obyektivlik və tələbkarlıq meyarlarını möhkəmləndirmək lazım idi.
Sonrakı illərdə Komissiyanın fəaliyyətində normativ bazanın yenilənməsi, prosedurların təkmilləşdirilməsi, şəffaflığın artırılması, elmi ekspertizaya tələblərin gücləndirilməsi istiqamətində ardıcıl dəyişikliklər həyata keçirildi.
Lakin məncə, islahatın daha mühüm, rəqəmlərlə ifadə olunması çətin olan başqa bir tərəfi də vardı – münasibətin dəyişməsi. Çünki konkret fəaliyyət subyektini yalnız qaydalar dəyişmir. Ən mükəmməl qaydanı insan tətbiq edir. Ən yaxşı mexanizmin işləməsi də onu həyata keçirən insanların prinsipiallığından asılıdır. Hər hansı sistemdə həqiqi dəyişiklik o zaman baş verir ki, yeni tələb əvvəlcə qaydaya, sonra davranışa, nəhayət, mədəniyyətə çevrilir.
Elmi mühitdə bu xüsusilə çətindir. Çünki burada söhbət yalnız sənəddən və prosedurdan deyil, illərlə formalaşmış münasibətlərdən, ənənələrdən, bəzən də stereotiplərdən gedir.
“Belə də keçər” düşüncəsini heç bir əmrlə ləğv etmək mümkün deyil. Onu yalnız tələbkarlıq, ardıcıllıq və şəxsi nümunə dəyişə bilər. Məncə, Famil Mustafayevin timsalında Ali Attesasiya Komissiyasının son illərdəki fəaliyyətinə qiymət verərkən məhz bu məqam diqqətdən qaçmamalıdır. İslahat yalnız yeni qayda yaratmaq deyil. İslahat yeni meyar yaratmaqdır. Daha dəqiq desək, unudulmuş və ya zəifləmiş meyarın yenidən dəyərə çevrilməsidir.
Elm güzəşti sevmir
Famil müəllimin fəaliyyətində diqqət çəkən xüsusiyyətlərdən biri və ən birincisi elə prinsipiallıqdır. Bu söz bəzən yanlış anlaşılır. Prinsipiallığı sərtliklə eyniləşdirirlər. Halbuki bunlar fərqli anlayışlardır. Sərtlik xarakter xüsusiyyəti ola bilər. Prinsipiallıq isə dəyərə sədaqətdir.
Əgər bir meyar müəyyənləşdirilibsə, həmin meyar insanlara görə dəyişməməlidir. Elmin ən böyük ədaləti də elə budur.Elm adamın kimliyini deyil, onun ortaya qoyduğu elmi nəticəni tanımalıdır. Elm üçün böyük və kiçik ad olmamalıdır. Elm üçün yalnız əsaslandırılmış və əsaslandırılmamış fikir, yeni və təkrar nəticə, dürüst və qeyri-dürüst tədqiqat olmalıdır. Çünki elm güzəşti sevmir.
Bir dəfə şəxsi münasibət naminə aşağı salınmış meyar sabah normaya çevrilə bilər. Bir dəfə göz yumulan qüsur sonradan başqaları üçün presedent ola bilər. Buna görə elmə rəhbərlik etmək müəyyən mənada onun sərhədlərini qorumaqdır.Bu sərhədlər daşdan hörülməyib. Onlar meyardan, etikadan, məsuliyyətdən və vicdandan hörülüb. Və elmin nüfuzunu, dəyərini, ləyaqətini qoruyan həmin monolot binanın fədakar inşaatçısı prof. Famil Mustafayev və komanda yoldaşları, əqidədaşlarıdır.
Rəhbərin görünməyən əsəri
Komanda demişkən…
Alimin əsəri kitab ola bilər.
Bəs rəhbər şəxsin əsəri nədir? Bəzən qurduğu struktur. Bəzən həyata keçirdiyi islahat. Bəzən yaratdığı məktəb.Amma məncə, rəhbərin ən mühüm əsərlərindən biri mühitdir.
Elə bir mühit yaratmaq ki, insanlar onlardan nə tələb olunduğunu bilsinlər.
Obyektivliyin tələb deyil, norma olduğunu hiss etsinlər.
Məsuliyyətin yalnız yuxarıdan gələn göstərişdən deyil, insanın öz peşə ləyaqətindən doğduğunu dərk etsinlər.
Belə mühit yarananda institut (qurum, təşkilat) təkcə idarə edilmir. Onun xarakteri formalaşır. Zira, institutların da insanlar kimi xarakteri olur.
Bəzilərinin adı çəkiləndə etimad yada düşür. Bəzilərinin adı çəkiləndə tərəddüd. Bəzilərinin adı çəkiləndə prinsipiallıq. Bəzilərinin adı çəkiləndə isə güzəşt.
Bir rəhbərin fəaliyyətinin ən ciddi qiyməti bəlkə də elə budur: rəhbərlik etdiyi qurumun adının cəmiyyətdə hansı anlayışla yanaşı çəkilməsi.
Bu reputasiya bir gündə yaranmır. Heç bir sərəncamla da hasil olmur.
O, illərlə verilmiş yüzlərlə qərarın, nümayiş etdirilmiş münasibətin və qorunmuş prinsipin cəmidir. Və bu gün çəkinib-eləmədən, alın ağı, cəsarətlə söyləmək olar ki, Ali Attestasiya Komissiyasının timsalında elmin “sərhəd qapıları” etibarlı “sərhədçi”lərin əlindədir.
Elmin təmizliyi
“Təmiz elm” ifadəsini bəzən romantik anlayış kimi qəbul edirik. Əslində isə elmin təmizliyi son dərəcə praktik məsələdir.
Cəmiyyət alimə inanmalıdır. Dövlət elmi ekspertizaya inanmalıdır. Gənc tədqiqatçı bilməlidir ki, onun zəhmətinin qiymətləndirilməsində əsas meyar elmin özüdür.
Elmi ictimaiyyət bilməlidir ki, alim adının çəkisi qorunur. Bütün bunların təməlində etimad dayanır. Etimad isə qəribə sərvətdir. Onu uzun illər ərzində qazanırsan, çox qısa müddətdə itirə bilirsən.
Elm də etimad institutudur.
Cəmiyyət elmin dürüstlüyünə şübhə etməyə başlayanda itirilən yalnız konkret bir alimin və ya qurumun nüfuzu olmur. Elmin özünün ictimai statusu zədələnir.
Ona görə elmin təmizliyini qorumaq abstrakt mənəvi çağırış deyil. Bu, milli intellektual potensialın qorunmasıdır. Bu mənada elmi etika ilə dövlət marağı bir nöqtədə birləşir. Bəlkə də elə buna görədir ki, Ali Attestasiya Komissiyası məhz Azərbaycan Prezidenti yanında təsis edilmiş və konkret vəzifələrlə səlahiyyətləndirilmiş bir institutdur.
Güclü dövlətin güclü elmə ehtiyacı var. Güclü elmin isə etibarlı meyarlara.
Altmış yaşın işığında
Famil Mustafayevin 60 illik yubileyi ərəfəsində – 17 sentyabr 2026-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə o, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi. Sərəncamdakı ifadə xüsusilə diqqətəlayiqdir: “Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə”.
Cəmi bir cümlədir. Amma bu cümlənin arxasında illər dayanır – elmi fəaliyyət, idarəçilik, məsuliyyət, prinsipiallıq. Bizcə, bu ifadənin özü F.Mustafayevin fəaliyyətinin fəlsəfəsi ilə səsləşir, onun həyat amalının kvintessensiyasını ifadə edir. Çünki söhbət təkcə elm yaratmaqdan deyil, həm də elmi qiymətləndirmək məsuliyyətindən gedir.
Dövlət təltifi görülən işə verilən yüksək qiymətdir. Amma elm adamının həyatında başqa bir qiymət də var – Zamanın verdiyi qiymət.
Zaman keçdikcə vəzifələr dəyişir, titullar bioqrafiyanın sətirlərinə çevrilir, bir vaxt çox mühüm görünən hadisələr unudulur. Amma insanın xidmət etdiyi, sadiq qaldığı dəyərlər yaşayır.
Ömürdən qalan meyar
Bəlkə də insanın özündən sonra qoya biləcəyi ən qiymətli miras elə bir qədər yuxarıda adını çəkdiyimiz meyardır.Səndən sonra gələnlər “bu işi belə görmək lazımdır” deyirlərsə, deməli, sən yalnız vəzifə daşımamısan – ənənə yaratmısan.Səndən sonra elmi keyfiyyətə tələb daha yüksəkdirsə, sən yalnız sistem idarə etməmisən – düşüncə formalaşdırmısan.Səndən sonra alim adının məsuliyyət olduğu daha dərindən dərk edilirsə, fəaliyyətin kabinetin divarlarından kənara çıxıb.Belə ömür mənalı ömürdür. Çünki elmə həsr olunmuş həyat yalnız elmə verilmiş həyat deyil.
Elm həqiqət axtarışıdırsa – həqiqətə verilmiş həyatdır.
Elm gələcək üçün bilik yaradırsa – gələcəyə verilmiş həyatdır.
Elm cəmiyyətin intellektual dayağıdırsa – Vətənə verilmiş həyatdır.
Elmin təmizliyini qorumaq isə bütün bunların ləyaqətini qorumaqdır.
Ona görə professor Famil Mustafayevin 60 illik yubileyində onun haqqında deyilə biləcək ən böyük söz, məncə, nə vəzifə, nə titul, nə də mükafat haqqındadır. Söhbət ömürdən gedir – elmlə qoşa addımlayan ömürdən. Alim məsuliyyətini daşıyan ömürdən. Elmi meyarı qorumağa çalışan ömürdən. Elmin yalnız inkişafına deyil, onun ləyaqətinə və təmizliyinə xidmət edən ömürdən… Və nəhayət, insanın gördüyü işlə vicdanı arasındakı məsafənin getdikcə azaldığı bir ömürdən.
Çünki insanın həyatında elə bir məqam gəlir ki, artıq onun elmə xidmət etdiyini, yoxsa elmin onun həyatının ayrılmaz parçasına çevrildiyini ayırmaq olmur. Bəlkə əsl alimlik də elə həmin nöqtədən başlayır: – Elm peşə olmaqdan çıxıb taleyə çevriləndə... Bilik məsuliyyətə çevriləndə... Prinsip vəzifədən üstün tutulanda... Və elm vicdana çevriləndə...
Elmə xidmət edən ömrün ən böyük mükafatı isə bəlkə də elə elmin özündədir – səndən sonra onun bir az daha təmiz, bir az daha ləyaqətli və bir az daha etibarlı qalmasında.
Ömrün uzunluğu ilə mənası eyni şey deyil. Bəzən insan ömrünü yaşadığı illər deyil, xidmət etdiyi dəyər müəyyənləşdirir. Kiminin həyatı sənətə, kimininki dövlətə, kimininki insanlara xidmətə, kimininki isə həqiqəti axtarmağa bağlanır. Elm də həqiqətin axtarılmasıdır.
Professor Famil Mustafayev vəzifəsi gərəyi həyatının mənasını elmi axtarışda arayan insanlara həmin o həqiqəti axtarmağa, təəssübünü çəkməyə, ləyaqətini qorumağa kömək edən insandır.
60 yaşınız mübarək!
Xalid NİYAZOV,Əməkdar jurnalist
Mənbə:
bakupost.az