"Tələbəni xaric etmək doğru deyil"
17 Sep 2026, 10:23
3 baxış
Admin
Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) birinci kurs tələbələrini hədələyən tələbənin universitetdən xaric edilməsi qərarına münasibət bildirib.
“Bakupost” xəbər verir ki, deputat bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
C.Məmmədov qeyd edib ki, tələbələrin hədələnməsi ilə bağlı yayılan görüntülər ciddi narahatlıq doğurur və təhlükəsizliyinin təmin edilməsi, universitet daxilində sağlam təhsil mühitinin qorunması vacibdir.
Onun sözlərinə görə, yalnız tələbənin universitetdən xaric edilməsi ilə kifayətlənmək doğru yanaşma olmaya bilər:
“Çünki bir universitetdə tətbiq olunan bu cür sərt qərar digər ali təhsil müəssisələri üçün də presedent yarada və gələcəkdə oxşar hallarda eyni üsula müraciət edilməsinə səbəb ola bilər.
Xarici ölkələrin bir sıra universitetlərinin intizam qaydalarında da hədə-qorxu və fiziki təhlükə ilə bağlı davranışlar ciddi pozuntu hesab olunur. Bununla yanaşı, cəza tədbirləri adətən hadisənin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq mərhələli şəkildə müəyyən edilir. Xəbərdarlıq, intizam tədbiri, müəyyən müddətə təhsildən və ya kampusdan uzaqlaşdırma kimi tədbirlərdən sonra, daha ağır hallarda universitetdən xaricetmə tətbiq oluna bilər.
Bu baxımdan, intizam tədbiri görülərkən hadisənin bütün halları, şəxsin davranışının xarakteri, real təhlükənin olub-olmaması və digər mühüm məqamlar hərtərəfli araşdırılmalıdır. Məqsəd yalnız cəzalandırmaq deyil, həm də tələbənin səhvini anlamasına, davranışını düzəltməsinə və təhsilini davam etdirməsinə imkan verən mexanizmləri nəzərə almaq olmalıdır.
Universitetlər tələbələrin təhlükəsizliyini qorumalı, hədə-qorxu və zorakı davranışlara qarşı prinsipial mövqe nümayiş etdirməlidirlər. Eyni zamanda, intizam qərarları ədalətli, ölçülü və fərdi yanaşma əsasında qəbul edilməlidir. Universitetdən xaricetmə isə hər bir halda avtomatik tətbiq olunan deyil, ən ağır intizam tədbirlərindən biri kimi nəzərdən keçirilməlidir".
Mənbə:
bakupost.az