Dünya

Ukrayna məsələsində yeni ümidlər: danışıqlar bərpa oluna bilər

26 Aug 2026, 13:07 1 baxış Admin
Ukrayna məsələsində yeni ümidlər: danışıqlar bərpa oluna bilər

Ukrayna Prezidenti Aparatının rəhbəri Kiril Budanovun iddiasına görə, tezliklə Ukrayna ilə Rusiya arasında müharibənin sona çatması ilə bağlı danışıqlar bərpa oluna bilər.
“Bakupost” xəbər verir ki, onun açıqlaması Ukrayna mediası tərəfindən yayılıb.
Budanovun sözlərinə görə, Ukrayna yaxın gələcəkdə danışıqlar prosesini intensivləşdirməyə çalışacaq.
Lakin bu addımların təfərrüatları hələlik açıqlanmır.
Siyasi şərhçi Rəşad Bayramov “Bakupost”a bildirib ki, Budanovun danışıqlar prosesini intensivləşdirmək barədə açıqlaması özündə əslində tamamilə yeni diplomatik xəttin yaranmasını yox, mövcud kanalların yenidən aktivləşdirilməsini nəzərdə tutur:
“Əslində, diplomatik kanal tamamilə bağlanmayıb. 2026-cı ilin əvvəlində ABŞ vasitəçiliyi ilə ABŞ–Rusiya–Ukrayna formatında danışıqlar keçirilib və tərəflər arasında əsir mübadiləsi kimi konkret nəticələr də əldə olunub. Lakin sonrakı mərhələdə proses yüksək səviyyədə faktiki olaraq dayanıb”.
Ekspert hesab edir ki, əslində, danışıqların bərpası üçün müəyyən zəmin də var:
“Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da avqustun 21-də Moskvanın müharibənin həlli ilə bağlı yeni ideyaları nəzərdən keçirməyə hazır olduğunu bildirib. Lakin tək bir problem var ki, Moskva bunun “yerdəki reallıqları” nəzərə almaqla mümkünlüyünü vurğulayır.
Buna baxmayaraq, tərəflərin dialoqa qayıtmaq üçün qapıları tamamilə bağlamaması vacib siqnaldır”.
Müsahibimizin sözlərinə görə, burada əsas məsələ odur ki, danışıq masasına oturmaqla razılaşmaq eyni şey deyil:
“Məlumdur ki, danışıqlarda ən böyük maneə Rusiyanın ərazi tələbləri ilə Ukraynanın mövqeyi arasındakı uçurumdur. Moskva hazırkı ərazi reallıqlarının danışıqların əsasını təşkil etməsini istəyir. Kiyev isə ərazi güzəştlərinin təhlükəsizlik təminatları olmadan qəbul edilməsini istəmir. Başqa sözlə, məhz Donetsk məsələsi və Ukraynaya veriləcək təhlükəsizlik təminatları danışıqlardakı əsas düyün olaraq qalır”.
Bu səbəbdən R.Bayramovun fikrincə, yaxın perspektivdə sülh müqaviləsinin imzalanacağı real görünmür:
“Amma hansısa mərhələli razılaşmalar ola bilər. Məsələn, əsir mübadilələrinin genişləndirilməsi, humanitar məsələlər, enerji obyektlərinə zərbələrin məhdudlaşdırılması, lokal və ya ümumi atəşkəs mexanizmi kimi məsələlərdə irəliləyiş əldə etmək prinsipcə mümkündür. Lakin bunun üçün hər iki tərəfin hazırkı mövqelərindən müəyyən qədər geri çəkilməsi lazımdır”.
Həmsöhbətimiz qeyd edir ki, Rusiya hərbi yolla istədiyi nəticəni sürətlə əldə edə bilmədiyini, Ukrayna isə bütün əraziləri yaxın perspektivdə hərbi yolla geri qaytarmağın böyük resurs tələb etdiyini nəzərə alsa, qarşılıqlı kompromis üçün motivasiya arta bilər:
“Amma indiki şərtlər daxilində Rusiyanın kompromisə hazır olmaması müharibənin davam edəcəyini göstərir. Başqa sözlə, danışıqlar baş tutsa da, real sülhün əldə olunacağına hələ ki, ümid yoxdur”.
Rüfət Sultan,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər