Özəl universitetlər abituriyentləri inandıra bilmədi...
25 Aug 2026, 19:23
2 baxış
Admin
2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbulun nəticələrinin açıqlanması ilə universitetlərdə plan yerlərinin dolma səviyyəsi və abituriyentlərin seçim meyilləri də diqqət mərkəzinə gəlib. Xüsusilə özəl ali təhsil müəssisələrində qəbulun nəticələri, əvvəlki illərlə müqayisədə bu universitetlərə marağın hansı səviyyədə olması müzakirə doğurur.
"Bakupost" xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Məzahir Məmmədli ali təhsil müəssisələrinə qəbul nəticələri elan olunsa da, universitetlərin hələ plan yerlərinin dolması ilə bağlı yekun hesabatlarını açıqlamadıqlarını bildirib.
Onun sözlərinə görə, bir neçə gündən sonra hansı universitetlərdə plan yerlərinin dolduğu, hansılarda isə boş yerlərin qaldığı daha aydın olacaq:
“Faktiki olaraq, ixtisas seçimi mərhələsində abituriyentlərin özəl universitetləri seçməsi ilə bağlı kifayət qədər tərəddüdlər var. Bunun səbəblərindən biri cəmiyyətdə Azərbaycanda fəaliyyət göstərən özəl universitetlərin diplomlarının akkreditasiya standartlarına uyğun olmadığı və ya tanınmadığı barədə fikirlərin dolaşmasıdır. Məncə, bu, özəl universitetlərin ictimaiyyətlə əlaqələr işini zəif aparması ilə bağlıdır”.
Ekspert bildirib ki, azərbaycanlı abituriyentlərin xarici ölkələrdəki özəl universitetlərə marağı da diqqət çəkir:
“Yaxın qonşu ölkələrin özəl universitetlərinə kifayət qədər böyük axın var. Hər dəfə qəbul prosesi başa çatdıqdan sonra Türkiyə, Kipr, Gürcüstan, Rusiya, hətta hazırda müharibənin davam etdiyi Ukraynaya üz tutan abituriyentləri görürük. Onlar bəzən Azərbaycanın özəl universitetlərindən daha çox həmin ölkələrdə fəaliyyət göstərən özəl universitetlərə inanırlar. Bu da bizim özəl universitetlərin PR işinin zəif olması ilə əlaqədardır. Universitetlər öz imkanlarını abituriyentlərə lazımi səviyyədə çatdıra bilmirlər və nəticədə ictimaiyyətdə belə yanaşmalar formalaşır”.
M.Məmmədli qeyd edib ki, bu il də abituriyentlərin bir qismi özəl universitetləri seçim siyahısının sonlarında qeyd edib:
“Bu il də ənənəvi olaraq özəl universitetləri daha çox son seçimlər sırasında qeyd edən abituriyentlər oldu. Düşünürəm ki, yaxın bir-iki gün ərzində hansı universitetdə plan yerlərinin dolub-dolmadığı ilə bağlı daha konkret məlumat əldə edə biləcəyik”.
Ekspert Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılmasının və Naxçıvan Müəllimlər İnstitutuna qəbul planının ayrılmamasının da qəbul prosesinə müəyyən təsir göstərdiyini bildirib:
“Bakı Qızlar Universitetinin bağlanması, Naxçıvan Müəllimlər İnstitutuna qəbulun olmaması müəyyən mənada əlavə problemlər yaratdı. Hər il təxminən 500 nəfər qəbul edən Bakı Qızlar Universitetinə bu il qəbul aparılmadı. Bu da həmin abituriyentlərin digər, xüsusilə pedaqoji kadr hazırlayan universitetlərə yönəlməsi ilə nəticələndi və həmin ali məktəblərə əlavə yük yaratdı”.
M.Məmmədli xüsusi vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən istər dövlət, istərsə də özəl ali təhsil müəssisələri müəyyən olunmuş standartlar əsasında fəaliyyət göstərirlər.
“Azərbaycanda fəaliyyət göstərən bütün universitetlər - istər özəl, istər dövlət müəyyən edilmiş standartlara uyğun olduqdan sonra fəaliyyət göstərə bilirlər. Universitet fəaliyyət göstərirsə, deməli, müvafiq akkreditasiya və digər tələblərə uyğunluğu təsdiqlənib”.
Ekspert hesab edir ki, həm özəl, həm də dövlət universitetləri xüsusilə ixtisas seçimi ərəfəsində ictimaiyyətlə əlaqələr işini gücləndirməlidirlər:
“Çox istərdim ki, özəl universitetlər, eləcə də dövlət universitetləri seçim ərəfəsində PR imkanlarını genişləndirsinlər. Universitetlərin geniş və məlumatlı internet saytları olmalıdır. Abituriyentlər professor-müəllim heyəti, tədris imkanları və universitetdəki şərait barədə əvvəlcədən ətraflı məlumat əldə edə bilməlidirlər. Təəssüf ki, bizim universitetlərdə bu istiqamətdə müəyyən problemlər qalır”.
M.Məmmədlinin fikrincə, əmək bazarında əsas meyar məzunun hansı universiteti bitirməsi deyil, ali təhsil dövründə qazandığı bilik və bacarıqlardır:
“Əmək bazarı baxımından şəxsin hansı universitetdən məzun olmasının həlledici əhəmiyyəti yoxdur. Əsas odur ki, ali təhsil aldığı müddətdə lazımi bilik və bacarıqları mənimsəsin. Əmək bazarında artıq əsas şərt "hansı universiteti bitirib?" sualı deyil. Universitetin özəl və ya dövlət olması burada əsas meyar sayılmır. Ona görə də hesab edirəm ki, həm dövlət, həm də özəl universitetlər ictimaiyyətlə əlaqələr imkanlarını daha da genişləndirməlidirlər”.
Mənbə:
bakupost.az