Bir gecədə 756 min sosial media hesabı silindi
14 Aug 2026, 16:30
28 baxış
Admin
"Meta" şirkəti Avstraliyada tətbiq olunan yaş məhdudiyyəti qanunvericiliyi çərçivəsində 16 yaşından kiçik istifadəçilərə məxsus 756 min sosial media hesabına girişi dayandırıb.
"Bakupost" xəbər verir ki, bu barədə şirkət tərəfindən açıqlama yayımlanıb.
Bildirilib ki, yoxlamalar nəticəsində 462 min "Instagram" və 294 min "Facebook" hesabı birdəfəlik bağlanıb. Qərar Avstraliyada ötən ilin dekabr ayında qüvvəyə minən və 16 yaşdan kiçiklərin sosial şəbəkələrdən istifadəsini qadağan edən sərt qanuna əsasən icra olunub.
Süni intellekt dəstəkli sistemlər vasitəsilə aparılan nəzarət tədbirlərinin davam etdiyi və silinən hesabların sayının arta biləcəyi vurğulanıb.
Qeyd edək ki, Avstraliya hökumətinin tətbiq etdiyi yaş qadağası "Instagram" və "Facebook" ilə yanaşı, "TikTok", "YouTube", "Snapchat", "Reddit", "Twitch", "Threads" və "Kick" olmaqla ümumilikdə 10 populyar platformanı əhatə edir. Qaydalara əməl etməyən texnologiya nəhənglərini 49,5 milyon Avstraliya dolları məbləğində ağır cərimələr gözləyir.
Bilal,BakuPost
Mənbə:
bakupost.az