Ali təhsilli qadınların seçimində yeni meyar – Araşdırma təəccübləndirdi
Ali təhsilli qadınlar getdikcə daha çox universitet diplomu olmayan, lakin yüksək gəlir əldə edən kişilərlə ailə qururlar.
News24.az xəbər verir ki, bu nəticə ABŞ-nin Milli İqtisadi Araşdırmalar Bürosunun (NBER) tədqiqatında yer alıb. Araşdırma barədə "Fortune" nəşri yazıb.
Tədqiqatçılar bildirirlər ki, son onilliklərdə qadınlar kişilərlə müqayisədə ali təhsilə daha çox yiyələnməyə başlayıblar. Nəticədə ali təhsilli qadınlar üçün diplomlu potensial həyat yoldaşlarının sayı azalıb və onlar maliyyə baxımından sabit, yüksək gəlirli, lakin universitet təhsili olmayan kişiləri daha çox seçirlər.
Araşdırmaya görə, məhz diplomu olmasa da, yüksək gəlir əldə edən kişilər son illərdə ali təhsilli qadınlarla daha tez-tez evlənirlər. Onların orta gəlirləri də artıb.
Alimlər qeyd edirlər ki, bu tendensiyanın digər tərəfi də var. Belə ki, yüksək gəlirli kişilərin əhəmiyyətli hissəsinin ali təhsilli qadınlarla ailə qurması ali təhsili olmayan qadınların maddi cəhətdən təminatlı həyat yoldaşı tapmasını çətinləşdirir. Tədqiqat müəlliflərinin hesablamalarına görə, bu qadınlar üçün belə potensial partnyorların sayı təxminən iki dəfə azalıb.
Araşdırma müəllifləri hesab edirlər ki, bu tendensiya göstərir ki, həyat yoldaşı seçimində universitet diplomundan daha çox insanın real iqtisadi imkanları ön plana çıxmağa başlayıb.