Ceyhun Bayramov Kiyevdə Zelenski ilə görüşdü – FOTOLAR
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Prezident Volodimir Zelenski tərəfindən qəbul olunmaqdan məmnunluğunu ifadə edib.
News24.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsində məlumat paylaşılıb.
Nazir bildirib ki, görüş zamanı Azərbaycan–Ukrayna strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri ilə bağlı hərtərəfli müzakirələr aparılıb. Müzakirələrin əsas mövzularını siyasi dialoq, enerji, nəqliyyat, humanitar əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər təşkil edib.
Ceyhun Bayramov Prezident Volodimir Zelenskiyə Cənubi Qafqazda münaqişədən sonrakı reallıqlar, sülh gündəliyinin irəlilədirilməsi istiqamətində göstərilən səylər, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verdiyini qeyd edib.
Nazir, həmçinin Prezident Volodimir Zelenskinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımla bağlı xoş sözlərini və davamlı dəstəyə görə Prezident İlham Əliyevə ünvanladığı təşəkkürü yüksək qiymətləndirdiyini bildirib.