Gündə 5 fincan qəhvə içmək zərərlidirmi? – Alimlər açıqladı
Gündə beş fincan kofeinli qəhvə içməyin sağlamlığa təsiri ilə bağlı yeni araşdırmalar müzakirələrə səbəb olub. Mütəxəssislər bildirirlər ki, belə miqdar əksər sağlam insanlar üçün təhlükəsiz hesab olunsa da, burada əsas məsələ fincanların sayı deyil, qəbul edilən kofeinin ümumi miqdarıdır.
News24.az xəbər verir ki, bu barədə "Verywell Health" yazıb.
Məlumata görə, Amerika Ürək Assosiasiyası gündə beş fincana qədər kofeinli qəhvə qəbulunun əksər sağlam böyüklər üçün təhlükəsiz olduğunu və bunun ürək sağlamlığına müsbət təsir göstərə biləcəyini açıqlayıb. Araşdırmalar həmçinin qəhvənin qaraciyərin fəaliyyətinə də faydalı ola biləcəyini göstərir.
Bildirilib ki, qəhvənin tərkibində olan polifenollar antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malikdir, lakin alimlər bu maddələrin orqanizmə necə təsir göstərdiyini hələ də araşdırırlar.
Mütəxəssislər diqqətə çatdırırlar ki, elmi araşdırmalarda "bir fincan qəhvə" təxminən 225 millilitr hesab olunur. Halbuki qəhvəxanalarda təqdim edilən içkilərin həcmi çox vaxt 355, 475, hətta 600 millilitr olur. Bundan başqa, bəzi qəhvə növlərində bir neçə porsiya espresso istifadə edildiyi üçün kofeinin miqdarı da xeyli artır.
Ekspertlərin fikrincə, gündəlik kofein qəbulunun 400 milliqramdan çox olmaması tövsiyə edilir. Bu isə təxminən 225 millilitrlik 3-5 fincan dəmlənmiş qəhvəyə bərabərdir. Lakin kofeinin miqdarı qəhvə dənəsinin növünə, hazırlanma üsuluna və porsiyanın ölçüsünə görə dəyişə bilər.