"Samsung"dan açıqlama: "İstehsal qüsuru deyil"
“Samsung” şirkəti “Galaxy S26 Ultra” smartfonlarının ekranında yaranan qırmızımtıl ləkələrlə bağlı istifadəçilərin şikayətlərinə münasibət bildirib.
News24.az xəbər verir ki, iyun ayında yüksək qiymət seqmentinə aid olan “Galaxy S26 Ultra” modelinin sahibləri kütləvi şəkildə ekranın mərkəzində qırmızımtıl ləkələrin əmələ gəlməsi barədə şikayət ediblər.
Şirkət də öz növbəsində bu texniki qüsura görə izləyicilərə üzrxahlıq esib: "Galaxy S26 Ultra modellərində ekranın qırmızımtıl görünməsinə səbəb olan problemin yaratdığı narahatlığa görə səmimi üzr istəyirik", – deyə şirkətdən bildirilib.
“Samsung” vurğulayıb ki, bu problem istehsal qüsuru hesab olunmur və buna görə də zəmanət çərçivəsində cihazların dəyişdirilməsi nəzərdə tutulmur. Bunun əvəzinə istifadəçilərə ekranın pulsuz kalibrlənməsi üçün istənilən servis mərkəzinə müraciət etmək tövsiyə olunub.
Şirkət həmçinin nasazlığı ev şəraitində aradan qaldırmağa imkan verəcək proqram üzərində işlədiyini açıqlayıb.
Qeyd edilib ki, problemi əməliyyat sisteminin yenilənməsi ilə həll etmək mümkün deyil.
Məlumatda əlavə olunub ki, istifadəçilərin cihazların kütləvi şəkildə geri çağırılacağından narahat olmasına əsas yoxdur.