Niyə Avropaya vizasız gedə bilmirik?
03 Aug 2026, 15:50
2 baxış
Admin
Azərbaycan pasportu ilə 67 ölkəyə vizasız getmək mümkündür.
"Bakupost" xəbər verir ki, bu məlumat "The Henley Passport Index” portalında dərc olunan reytinqdə öz əksini tapıb.Bu göstəriciyə görə, Azərbaycan dünya ölkələri sırasında siyahıda 70-ci yerdədir.
Amma maraqlıdır ki, vizasız gediş-gəlişin mümkün olduğu ölkələr içərisində Avropa İttifaqına üzv olan bir ölkə belə yoxdur. Siyahıda Asiya, Afrika və MDB ölkələri üstünlük təşkil edir.
ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli “Bakupost”a bildirib ki, viza məsələsi adətən qarşılıqlı şəkildə həyata keçirilir:
“Azərbaycan hansı ölkələrlə vizanı aradan qaldırırsa, həmin ölkələr də dövlətimizlə vizaların qaldırılması ilə bağlı danışıqlara başlayır”.
N.Cəfərlinin sözlərinə görə, Bakı Aİ ilə viza rejiminin ləğvi istiqamətində müəyyən addımlar atmalıdır:
“Bakı hələ də Avropa İttifaqı ölkələrindən viza tələb etməkdə davam edir. Qonşu Gürcüstan isə 23 il bundan əvvəl onu ləğv edib. Nəticədə Gürcüstan vətəndaşları artıq Avropaya vizasız gedir. Azərbaycan da Aİ ilə bu istiqamətdə müəyyən addımlar atmalıdır. Ən azından ilkin mərhələdə Aİ-yə gedən vətəndaşlarımız üçün viza sadələşdirilməsi məsələsi barədə qərar verilməlidir. Ondan əvvəl isə Bakı özü Aİ ölkələri vətəndaşları üçün vizanı ləğv edə bilər”.
Bu addımın atılması ekspertə görə, həm ölkəmizdə turizmin inkişafına təsir göstərər, həm də sözügedən məsələ ətrafında danışıqlarda irəliləyiş əldə etməyə imkan yaradar ki, Azərbaycan vətəndaşları da gələcəkdə Aİ ölkələrinə vizasız gedib-gələ bilsinlər:
“Yəni proses qarşılıqlı şəkildə həyata keçirilir. Azərbaycan tərəfi hansı ölkələrlə vizanı ləğv edirsə, həmin dövlətlər də bizim vətəndaşlar üçün vizanı sadələşdirir və yaxud tamamilə ləğv edir”.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az