Dünyanın ən qəribə meyvə ağacı - Minlərlə dollara satılır
Braziliyaya məxsus olan jabutikaba ağacı qeyri-adi görünüşü ilə diqqət çəkir.
News24.az xəbər verir ki, bu ağacın meyvələri digər ağaclardan fərqli olaraq budaqlarda deyil, birbaşa gövdəsində və qalın budaqlarında yetişir.
Botanikada “kaulifloriya” adlandırılan bu xüsusiyyət sayəsində məhsul mövsümündə ağacın gövdəsi tünd bənövşəyi rəngli meyvələrlə örtülür.
Jabutikabanın dəyərli olmasının səbəbi yalnız görünüşü deyil. Toxumdan yetişdirilən ağacın ilk dəfə meyvə verməsi üçün adətən 8-15 il vaxt tələb olunur. Buna görə də bitki həvəskarları uzun illər gözləmək əvəzinə artıq məhsul verən yetkin ağacları almağa üstünlük verirlər. Bu isə onlarla illik jabutikaba ağaclarının qiymətini minlərlə dollara çatdırır.
Üzümə bənzəyən jabutikaba meyvəsi şirin və yüngül turş dada malikdir. Lakin meyvənin saxlanma müddəti çox qısadır. Toplandıqdan sonra cəmi bir neçə gün təzə qaldığı üçün beynəlxalq bazarda geniş yayılmayıb.
Braziliyada isə jabutikabadan mürəbbə, jele, meyvə şirəsi, şərab və likör hazırlanır. Bu qeyri-adi ağac son illər ABŞ, Avropa və Asiyada nadir bitki həvəskarlarının da böyük marağına səbəb olub. (Yeni Sabah)