Bitkiləri məhv edən həşəratlara qarşı gözlənilməz həll
Adi buğda unu bağ və bostanlarda rast gəlinən bəzi zərərvericilərlə mübarizədə kimyəvi vasitələrə alternativ ola bilər.
News24.az xəbər verir ki, bu barədə "Tom's Guide" məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, un xüsusilə mənənə, kələm tırtılları və bəzi böcəklərə qarşı təsir göstərə bilir. Toz halında olan un həşəratların ağız və həzm sistemini tıxayaraq onların qidalanmasını çətinləşdirir və yayılmasının qarşısını alır.
Bağbanlara zərərvericilərin toplandığı yarpaqların, xüsusilə alt hissəsinin nazik qatla unlanması tövsiyə olunur. Prosedurun səhər tezdən aparılması daha məqsədəuyğun sayılır. Yağışdan sonra isə un yenidən tətbiq edilməlidir.
Mənənəyə qarşı isə 2 stəkan ağ buğda ununu 5 litr su ilə qarışdıraraq məhlul hazırlamaq və bitkilərə püskürtmək məsləhət görülür. Quruduqdan sonra yaranan nazik təbəqə həşəratların hərəkətini və qidalanmasını məhdudlaşdırır.
Bundan başqa, un qarışqa yollarına da səpilə bilər. Bu, onların qoxu izlərini pozur. Qarışığa az miqdarda çili tozu əlavə edilməsi isə təsiri daha da artıra bilər.
Bununla belə, mütəxəssislər xəbərdarlıq edirlər ki, undan həddindən artıq istifadə etmək olmaz. Çünki bu, siçan və digər gəmiriciləri cəlb edə bilər.