İsrail və Livan arasında mühüm razılaşma əldə edildi
ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan arasında uzun sürən qarşıdurmanın dayandırılmasına yönələn çərçivə sazişi imzalanıb.
News24.az xəbər verir ki, sənəd Vaşinqtonda ABŞ Dövlət Departamentində keçirilən mərasimdə İsrail və Livanın ABŞ-dəki səfirləri tərəfindən imzalanıb.
Mərasimdə çıxış edən ABŞ dövlət katibi Marko Rubio bildirib ki, tərəflər qarşıda çətin proseslə üzləşsələr də, bu razılaşma sülh yolunda mühüm başlanğıcdır.
Livan tərəfi yeni sənədin ölkənin suverenliyini gücləndirəcəyini, əhalinin öz yaşayış məntəqələrinə qayıtmasına şərait yaradacağını və daimi atəşkəsə zəmin hazırlayacağını vurğulayıb.
İsrail nümayəndəsi isə razılaşmanın "Hizbullah" və İranın prosesdən kənarda qalmasını nəzərdə tutduğunu bildirərək bunun bölgədə sülh üçün yeni imkan yaratdığını söyləyib.
Sazişin məzmunu açıqlanmasa da, ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlarda İsrail ordusunun Livanın cənubunda nəzarətdə saxladığı bəzi ərazilərdən geri çəkilməsi məsələsinin də müzakirə olunduğu bildirilir.
Xatırladaq ki, mart ayından davam edən qarşıdurmalar nəticəsində Livanda minlərlə insan həlak olub, bir milyondan çox sakin məcburi köçkünə çevrilib. Buna baxmayaraq, bölgədə atəşkəs elan olunsa da, ara-sıra silahlı insidentlər hələ də davam edir. (Reuters)