"Qarabağ" yeni mövsümə hansı dəyişikliklərlə gedir? - İlginc açıqlama
"Qarabağ" yeni mövsüm öncəsi qapıçı xəttində ciddi dəyişikliklər edib.
Ağdam təmsilçisinin ötən mövsüm üçün UEFA Çempionlar Liqasında çıxışları ilə diqqət çəkən Mateuş Koxalski komandanın ən etibarlı qapıçısı kimi fərqləndi və əsas namizədlərindən biri olaraq qalır.
Yay fasiləsində isə komanda digər qapıçılar - Fabian Buntiç və gənc oyunçu Amin Ramazanovla yollarını ayırdı. Bu dəyişikliklərlə paralel "Qarabağ" heyətini Bosniya və Herseqovinalı qapıçı Martin Zlomisliçlə gücləndirdi.
Bosniya və Herseqovina çempionatında uğurlu çıxışları ilə tanınan qolkiperin transferi komandanın qapı xəttindəki rəqabətini daha da artırdı.
Beləliklə, baş məşqçi Qurban Qurbanov yeni mövsümdə qapıda seçim etmək baxımından daha geniş imkan əldə edib.
Hazırda azarkeşləri maraqlandıran əsas sual isə Avropa kuboku oyunlarında qapını kimin qoruyacağıdır.
Məsələ ilə bağlı News24.az-a fikirlərini bildirən futbol üzrə ekspert Kənan Məstəliyev bildirib ki, "Qarabağ"ın qarşıdakı mövsümdə qapıçı xətti ilə əsas seçimi Mateuş Koxalski olacaq: " Daha sonra Martin Zlomisliç və Şahruddin Məhəmmədəliyev seçimlər arasındadır.
Məncə, optimal seçim edilib. Amir Ramazanov mövsüm ərzində gözlənilən performansı göstərə bilmədi. Hətta ehtiyat qapıçı kimi çıxış etdiyi oyunlarda da kobud səhvlərə yol verirdi. Düzdür, bəzi epizodlarda topa çata bilmək mümkünsüz idi, amma digər məqamlarda onun səhvləri aydın görünürdü. Buna görə də ayrılığı gözlənilən idi".
Ekspert yeni transfer olunan qapışı barəsində də danışıb: "Martin Zlomisliç çox məharətli oyunçudur, lakin hazırda komandanın əsas qapıçısı Mateuş Koxalski hesab olunur. Bununla yanaşı, “Qarabağ”da rəqabət hər zaman yüksək olub. Qurban Qurbanovun iş prinsipi elədir ki, heç bir futbolçu şanssız qalmır. Hətta üçüncü qapıçı belə, Azərbaycan çempionatında və kubok oyunlarında özünü göstərmək üçün kifayət qədər imkan əldə edir.
Bu baxımdan həm Koxalski, həm də Zlomislç bacarığını göstərmək üçün şans qazanacaqlar. Kim daha yaxşı çıxış edərsə, forma vəziyyəti yüksək olarsa, meydanda da həmin futbolçu yer alacaq. Hələlik hazırda bir nömrə Koxalskidir, amma o da, yerini qorumaq üçün əvvəlkindən daha məsuliyyətli və etibarlı oynamalıdır”.
Mütəxəssis bildirib ki, Zlomisliç də ehtiyatda oturmaq üçün transfer olunmayıb: “Koxalskinin hər hansı səhvi və ya formasının aşağı düşməsi halı olarsa, Zlomisliç onun yerini tutmağa hazırdır. Digər tərəfdən, Koxalskinin yay transfer pəncərəsində komandadan ayrılmaq ehtimalı da istisna deyil. Ciddi təklif gələrsə, bu, reallaşa bilər. Belə vəziyyətdə əsas qapıçının Zlomisliçin olması mümkündür. Məncə, bu da “Qarabağ” üçün problem yaratmaz. O, kifayət qədər etibarlı və keyfiyyətli qapıçıdır. Ümumilikdə isə düşünürəm ki, Zlomisliç, Kochalski və Məhəmmədəliyev də fiziki cəhətdən hazır və zədəsiz olduqları müddətdə “Qarabağ”ın qapısı etibarlı əllərdə olacaq. Bu qapıçılar komandanın qarşısına qoyulan hədəflər üçün kifayət qədər yüksək səviyyəyə malikdirlər".