DİM bu şəxsləri “qara siyahı”ya salır – AÇIQLAMA
"İstər buraxılış, istərsə də qəbul imtahanı olsun, qayda pozuntusu təsdiqlənərsə, nəticə eyni olur - həmin şagird ali məktəbə və ya orta ixtisas təhsili müəssisələrinə qəbul prosesindən kənarda qalır".
News24.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Baku TV" televiziya kanalına birgə müsahibəsində bildirib.
M.Abbaszadə bildirib ki, imtahan prosesində iştirak edən bütün personal ilboyu nəzarətdə saxlanılır və qiymətləndirilir: "Nəzarətçinin işi imtahan rəhbəri tərəfindən, imtahan rəhbərinin işi isə ümumi rəhbərlik tərəfindən qiymətləndirilir. Bizə daxil olan bütün müraciətlər araşdırılır və nəticəyə uyğun olaraq zəruri qərarlar verilir. Bu hallarda həmin şəxslər imtahan prosesinin idarə olunmasından uzaqlaşdırılır və “qara siyahı”ya daxil edilirlər".
Onun sözlərinə görə, araşdırmalar yalnız şikayətlər əsasında aparılmır, imtahan nəticələri emal olunduqdan sonra da statistik təhlillər aparılır: "Nəticələrin riyazi və statistik qanunauyğunluqlara uyğun olub-olmadığını yoxlayırıq. Bu təhlillər sayəsində köçürmə və digər qayda pozuntularının olub-olmadığı müəyyən edilir. Bəzən elə hallar olur ki, nəticə artıq elan edildikdən sonra belə, aparılan araşdırmalar əsasında həmin şəxsin müsabiqədən kənarlaşdırılması qərarı verilir. Çünki sonradan məlum olur ki, qayda pozuntusu və ya qeyri-qanuni müdaxilə baş verib".
DİM sədri qeyd edib ki, həmin uşaqlar ali məktəbə qəbul olunmamaqla cəzalandırılır. Nəzarətçilər isə ümumiyyətlə işdən uzaqlaşdırılır, həmin işə görə əməkhaqqı almır və “qara siyahıya” salınır.