ABŞ-İran savaşı: Minlərlə insan niyə öldü?
19 Jun 2026, 14:54
2 baxış
Admin
ABŞ prezidenti Donald Tramp və İran prezidenti Məsud Pezeşkian tərəfindən imzalanan memorandumdan sonra müharibənin məqsədi yenidən müzakirə mövzusuna çevrilib. Bakupost.az-ın məlumatına görə, bu barədə BBC-də yayımlanan məqalədə bildirilir ki, münaqişə nəticəsində minlərlə insan həyatını itirib, lakin İran hakimiyyəti gözlənildiyi kimi zəifləməyib, əksinə mövqeyini qoruyub. Razılaşmaya əsasən, ABŞ İran limanlarına tətbiq olunan məhdudiyyətlərin bir hissəsini aradan qaldıracaq, neft ixracına imkan verəcək və dondurulmuş vəsaitlərin qaytarılması prosesinə başlayacaq. Bunun müqabilində Hörmüz boğazı yenidən beynəlxalq gəmiçilik üçün açılacaq.
Məqalədə vurğulanır ki, müharibə başlamazdan əvvəl də boğaz açıq idi və tərəflər nüvə proqramı üzrə danışıqlar aparırdı. Buna görə də bir çox ekspertlər “nəticə yenə danışıqlardırsa, müharibə niyə başladı” sualını səsləndirirlər. Keçmiş ABŞ dövlət katibi Entoni Blinken də atəşkəsin əsas nəticəsinin Hörmüz boğazının yenidən açılması olduğunu bildirib. Yazıda həmçinin qeyd olunur ki, bu proses Binyamin Netanyahu üçün siyasi risklər yarada bilər. Müəllifin fikrincə, İsrail və ABŞ hərbi baxımdan müəyyən uğurlar qazansa da, strateji məqsədlərinə tam nail ola bilməyib. Məqalənin yekununda bildirilir ki, memorandum hələ yekun sülh sazişi deyil. Qarşıdakı 60 günlük danışıqlarda İranın nüvə proqramı əsas müzakirə mövzusu olacaq. Tərəflər razılığa gələ bilsələr, Yaxın Şərqdə yeni siyasi mərhələ başlaya bilər. Lakin bunun baş verib-verməyəcəyi hələ də qeyri-müəyyən olaraq qalır.
Röya Rizvanzadə, BakuPost
Mənbə:
bakupost.az