Dünya

Xameneyinin saziş qorxusu: 40 illik savaş siyasəti dəyişir?

19 Jun 2026, 15:21 1 baxış Admin
Xameneyinin saziş qorxusu: 40 illik savaş siyasəti dəyişir?

ABŞ ilə İran arasında memorandum imzalandıqdan sonra Ali dini lider Müctəba Xameneyi xalqa müraciət ünvanlayıb.
Bakupost.az xəbər verir ki, müraciətində Xameneyi memorandum məsələsinə baxışı və rəyinin fərqli olduğunu söyləyib. Ardınca qeyd edib ki, yalnız Prezidentin (Milli Təhlükəsizlik Ali Şurasının sədri kimi) İran xalqının və "Müqavimət Cəbhəsi"nin hüquqlarını qoruyacağına dair şəxsən zəmanət verməsi və məsuliyyəti öz üzərinə götürməsi səbəbindən bu müqaviləyə icazə verilib.
Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Bakupost.az-a bildirib ki, Müctəba Xameneyinin bu addımı əslində məsuliyyətdən yayınmağa çalışdığının göstəricisidir.
Ekspertin fikrincə, Ali dini lider sadəcə olaraq, tarixi məsuliyyətdən çəkindiyindən imzalanan memorandumun “günah keçisi” rolunda Pezeşkianı göstərib:
“Bu hal İran rejiminin ənənəvi siyasətindən irəli gələn bir məsələdir. İranda prezident böyük səlahiyyətlərə malik deyil. Dövlətin başçısı Ali dini lider hesab olunur. Xarici siyasət, təhlükəsizlik məsələləri Ali dini liderin səlahiyyətinə aiddir. Onun razılığı olmadan heç bir məsələ həll oluna bilməz”.
Həmsöhbətimiz qeyd edir ki, ABŞ ilə memorandumun imzalanması məsələsində Xameneyi hər vəclə çalışır ki, özünü kənarda saxlasın:
“Çünki prosesdə öz adı hallansa, onda cəmiyyətdə belə fikir formalaşa bilər ki, Müctəba Xameneyi atasının apardığı siyasətin doğru olmadığı qənaətinə gəlib. Yəni hazırki Ali dini lider bunu etiraf etməyə qorxur. 40 ildən çoxdur İran ABŞ ilə müharibə siyasəti aparır. İndi isə memorandum imzalamaqla həmin siyasətin yanlış olduğunu etiraf etməkdən qorxur”.
Q. Əlibəyli düşünür ki, burada Xameneyinin daxili narazılıqdan çəkindiyi də bütün çılpaqlığı ilə üzə çıxır:
“İran daxilində vəziyyət həddən artıq gərgindir. Müharibə ölkənin sosial-iqtisadi problemlərini daha da artırıb. Belədə, əhalinin rejimə qarşı çıxış etmək imkanları qalmaqdadır. Ona görə də Xameneyi memorandum məsələsində məsuliyyəti öz üzərindən atıb, Pezeşkianın üzərinə qoyur. Pezeşkian isə hakimiyyətə gələn dövrdən yaxın qonşuları və digər ölkələrlə münasibətləri normallaşdırmağa çalışır. Bütün hallarda Ali dini liderin razılığı olmasaydı nə danışıqlar olardı, nə də memorandum imzalanardı”.
Rüfət Sultan, BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər