Tramp Türkiyə ilə İranı savaşa çəkir? – “Hizbullah” kilidi
18 Jun 2026, 18:00
2 baxış
Admin
ABŞ Prezidenti Donald Tramp indi də “Hizbullah”a qarşı mübarizəyə Suriyanı cəlb etmək istəyir.
O, bu yaxınlarda İsrailin Livandakı hərəkətlərini tənqid edərək, bəyan edib ki, Suriya “Hizbullah”ın öhdəsindən İsraildən daha yaxşı gələ bilər.
Aydın məsələdir ki, Tramp bu açıqlamanı elə-belə deməyib. Bununla o, böyük ehtimalla “Hizbullah”ın məhv edilməsindən daha böyük bir məqsədə nail olmaq istəyir.
Qeyd edək ki, hazırki Suriya hökuməti Türkiyənin ciddi dəstəyi altındadır. İran isə “Hizbullah”I müdafiə edir.
Bu fonda görəsən, Trampın açıqlamasının arxasında nə dayanır?
Politoloq Natiq Miri Bakupost.az-a bildirib ki, bu açıqlama hər şeydən öncə İsrail baş nazirinin çox hədsiz davranmasından qaynaqlanır:
“Netanyahunun özünün də qeyd etdiyi kimi, bəzən bir terrorçunu məhv etmək üçün bütöv binanı partlatmaqla onlarla, yüzlərlə insanı qətlə yetirmək məcburiyyətində qalır. Bu davranış isə, İsrailin özü kimi, onu dəstək olan ABŞ üçün də ciddi problemlər yaradır. Ona görə də bundan sonra İsraili dəstəkləmək ABŞ üçün ciddi imic itkisi, baş ağrısına çevrilir. Nəticədə Tramp bütün dünyanı İsrail və ABŞ-nin üstünə qaldırmaqdan qurtulmaq üçün “Hizbullah” məsələsində Suriyanı gündəmə gətirib”.
Amma ekspert Əhməd Əş Şaraanın buna gedəcəyinə inanmır:
“O hələlik tam nizami orduya belə malik deyil. Suriya ilə İsrail arasında da anlaşma yoxdur. Təl-Əviv hələ də Suriyanın bəzi ərazilərini işğalda saxlayır. Tramp isə hələ birinci hakimiyyəti dövründə Colan təpələrini İsrail ərazisi kimi tanıyıb. Belə olan təqdirdə Suriya hansı adla İsrailə yardım edəcək?”
Politoloq hesab edir ki, Suriyanın “Hizbullah”la mübarizəsi İran, ardınca Türkiyənin də prosesə müdaxiləsinə gətirib çıxaracaq:“Məsələ sadəcə “Hizbullah”la Suriya arasında olacaq məsələ deyil. İran “Hizbullah”ın arxasında durur. Şaraanın razılıq verməsi İran Suriya qarşıdurmasına səbəb olacaq ki, bu da öz növbəsində Türkiyənin də prosesə müdaxiləsinə gətirib çıxarar. Əş-Şaraa Suriyanın indiki zəif və həssas durumunda ölkəni yeni bir müharibəyə cəlb etməz. Digər tərəfdən, Suriya rəhbərliyi ona dəstək olan Türkiyəyə arxa çevirməz. Suriyanın öz milli və dövlət maraqları var və bu maraqlar Türkiyənin təhlükəsizlik maraqları ilə uzlaşdırılır”.
N. Mirinin fikrincə, Tramp adətən spontan olaraq belə fikirlər səsləndirəndə onun mahiyyətinə varmır:
“Onun hara aparacağı, hansı nəticələr doğuracağını düşünmür. Ona görə də spontan deyilən fikri uzağa gediləcək konkret geosiyasi nəticələrlə əlaqələndirmək doğru olmaz”.
Rüfət Sultan, BakuPost
Mənbə:
bakupost.az