ABŞ-İran razılaşmasının gerçəkləşəcəyinə şübhəm var - Zərdüşt Əlizadə
18 Jun 2026, 16:36
3 baxış
Admin
ABŞ ilə İran arasında əldə olunan razılaşmanın imzalanma günü yaxınlaşdıqca, tərəflərin mövzu ilə bağlı açıqlamaları da artır. ABŞ Prezidenti Donald Tramp deyib ki, memorandumda qeyd olunan yekun razılaşma 60 gün ərzində əldə olunmasa, ABŞ İrana qarşı hərbi əməliyyatlara yenidən başlayacaq.
İran parlamentinin deputatı Kamran Qəzənfəri bildirib ki, müqavilə imzalansa belə, İsrail bir neçə gün sonra yenidən Livana zərbə endirəcək və öhdəliklərə əməl etməyəcək. O hətta ABŞ-nin də müxtəlif yollarla verdiyi vədləri poza biləcəyi qənaətindədir.
Politoloq Zərdüşt Əlizadə Bakupost.az-a bildirib ki, tərəflər yenidən müharibəyə qayıdacaqlar:
“Ona görə ki, memorandumda İsrailin istəkləri nəzərə alınmayıb. Digər tərəfdən, memorandumun məqsədləri İranla Trampa xeyirdir. Amma burada İsrailin istəkləri nəzərə alınmır. Yəhudilər həm ABŞ Prezident adminstrasiyası, həm də Konqresdə güclü nüfuza malikdirlər. Belədə Netanyahunun nəzərdə tutulan atəşkəsin həyata keçməməsinə çalışacağı gün kimi aydındır. Onun əlində memorandumu “batil” etmək üçün xeyli imkan var”.
Ekspert əmindir ki, İsrail Livana zərbələr endirməkdə davam edəcək:
“Nəticədə İranı seçim qarşısında qoyacaq. Belədə, İran ya İsrailin bu addımına dözməli, ya da cavab verməlidir. İran cavab verəndə isə Tramp seçim qarşısında qalacaq. O, Netanyahunu ram etməyə çalışsa, Amerikadakı yəhudi lobbisinin hücumu ilə üzləşəcək. Ona görə memorandumun çox kövrək olduğunu düşünürəm. Onun həyata keçəcəyinə şübhəm var”.
Rüfət Sultan, BakuPost
Mənbə:
bakupost.az