Dünya

İran-ABŞ savaşı yenidən alovlana bilər – Vüqar Zifəroğlu

18 Jun 2026, 14:30 4 baxış Admin
İran-ABŞ savaşı yenidən alovlana bilər – Vüqar Zifəroğlu

İranla ABŞ arasında memorandumun imzalanması günü yaxınlaşdıqca, onun kövrək olacağı barədə fikirlər də səslənir. Hətta bildirilir ki, Tramp indilikdə ABŞ üçün uğurlu olmayan razılaşmaya getsə də, yaxın dövrdə yenidən hərbi əməliyyatlara başlaya bilər. Bunun üçün isə onun ABŞ-də payızda keçiriləcək aralıq seçkilərin nəticəsini gözlədiyi iddia edilir. Həmin seçkilər Trampın marağına uyğun yekunlaşarsa, o, yenidən İrana qarşı hərbi əməliyyatlara başlaya bilər.
Siyasi şərhçi Vüqar Ziferoğlu Bakupost.az-a bildirib ki, mövcud vəziyyət ABŞ-İran müharibəsinin tam başa çatmadığını deməyə əsas verir:
“Sadəcə aktiv hərbi mərhələdən danışıqlar mərhələsinə keçib. Hazırda tərəflər arasında əldə olunan razılaşma daimi sülh müqaviləsi deyil, 60 günlük atəşkəs və siyasi çərçivə sazişi xarakteri daşıyır. Bir sıra əsas məsələlər – İranın uranı zənginləşdirməsi, raket proqramı, regional müttəfiqləri və sanksiyaların gələcəyi – hələ də açıq qalır.
Ekspertin fikrincə, Tramp bunu məğlubiyyət kimi təqdim etməyəcək:
“Əksinə, o, ABŞ daxilində seçicilərinə "müharibəni dayandıran, Hörmüz boğazını açan və İranı danışıqlar masasına gətirən lider" obrazını yaratmağa çalışacaq. ABŞ administrasiyası artıq razılaşmanı bu məntiqlə təqdim edir”.
Həmsöhbətimiz geosiyasi baxımdan vəziyyətin daha mürəkkəb olduğu qənaətindədir:
“Müharibənin əvvəlində Vaşinqtonun qarşısında duran əsas məqsədlərdən biri İranın nüvə proqramını tam dayandırmaq və Tehranın regional təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırmaq idi. Hazırkı razılaşma isə bu hədəflərin tam reallaşdığını göstərmir. Əksinə, əsas mübahisəli məsələlər gələcək danışıqlara saxlanılıb.
Bu səbəbdən yenidən hərbi eskalasiyanın baş verməsi ehtimalını tam istisna etmək olmaz”.
Aralıq seçkilər məsələsinə gəldikdə isə, V. Ziferoğlu düşünür ki, Trampın partiyası uğur qazanarsa Prezident daxildə daha güclü siyasi legitimlik əldə edəcək və belədə o, İran qarşısında daha sərt tələblər irəli sürə bilər:
“Əgər Tehran nüvə proqramı ilə bağlı Vaşinqtonun tələb etdiyi güzəştlərə getməzsə, hərbi təzyiq və hətta yeni əməliyyatlar gündəmə qayıda bilər. Trampın özü də bəyan edib ki, İran öhdəliklərini yerinə yetirməzsə hərbi variant yenidən masada olacaq.İkinci ssenari olaraq, İran danışıqlardan vaxt qazanmaq üçün istifadə edərsə, o zaman ABŞ-da həm Respublikaçılar, həm də bəzi Demokrat dairələrdə belə bir fikir güclənəcək ki, Tehran keçmişdə olduğu kimi danışıqları uzadaraq nüvə proqramını qorumağa çalışır. Bu yanaşma güclənərsə, Vaşinqtonda hərbi xətt yenidən üstünlük qazana bilər”.
Üçüncü ssenari isə müsahibimizə görə, İsrail faktoru ilə bağlıdır:
“ABŞ-İran münasibətlərində ən böyük qeyri-müəyyənliklərdən biri İsraildir. Əgər İsrail İranın nüvə fəaliyyətinin davam etdiyini hesab etsə və birtərəfli hərbi addımlar atsa, Vaşinqton yenidən münaqişəyə cəlb oluna bilər. Mövcud razılaşmanın ən həssas tərəflərindən biri də məhz budur.
Ümumiyyətlə hazırda "müharibə bitib" demək tezdir. Daha doğru ifadə "müharibə dondurulub"dur. Qarşıdakı 60 günlük danışıqlar dövrü həlledici olacaq. Əgər tərəflər nüvə proqramı və təhlükəsizlik məsələləri üzrə kompromis tapa bilməsələr, xüsusilə də Tramp aralıq seçkilərdən sonra özünü daha güclü hiss edərsə, 2027-ci ildə və ya daha əvvəl yeni hərbi gərginlik dalğasının yaranması tamamilə mümkündür”.
Rüfət Sultan, BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər