Ebolaya yoluxan 11 nəfər xəstəxanadan qaçdı - Axtarış başladı
Konqo Demokratik Respublikasının şərqində yerləşən karantin müəssisələrindən Ebola virusu qızdırmasının simptomları olan 11 pasiyent qaçıb.
News24.az xəbər verir ki, onlar bir müddət öncə səhiyyə orqanları tərəfindən həmin müəssisələrə yerləşdirilib.
Hazırda qaçan şəxslərin tapılması üçün axtarış əməliyyatları aparılır.
Ümumilikdə, ölkədə Ebola epidemiyası ilə bağlı təxminən 4,2 min nəfər tibbi nəzarət altındadır.
Son həftələrdə yoluxmuş və ya ölən şəxslərlə təmasda olanların izlənmə səviyyəsi hazırda 46 faizdir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə bu göstəricinin ən azı 95 faiz olmasını tələb edir. Qeyd olunub ki, Ebola virusunun gizli (inkubasiya) dövrü 21 gün davam edir.
Konqo Səhiyyə Nazirliyinin son məlumatına əsasən, xəstəlikdən təsdiqlənmiş ölüm halları 62-yə çatıb, rəsmi yoluxma sayı isə 363 nəfərdir.
Bu, Konqo Demokratik Respublikasında 15 mayda başlayan Ebola qızdırmasının 17-ci yayılmasıdır.
Epidemiyanın mərkəzi ölkənin şərqində yerləşən İturi əyalətidir. Xəstəliyə yoluxma halları İturi ilə sərhəddə yerləşən Uqandada da qeydə alınıb. /Bloomberg/