Maraqlı

Ağlamaq həmişə rahatlıq gətirmir - Göz yaşlarının əhvala təsiri

25 Nov 2026, 00:57 7 baxış Admin
Ağlamaq həmişə rahatlıq gətirmir - Göz yaşlarının əhvala təsiri

Ağlamaq hər zaman insana emosional rahatlıq gətirmir. Alimlər müəyyən ediblər ki, göz yaşlarının əhvala təsiri əsasən ağlamağa səbəb olan hadisədən və emosional vəziyyətdən asılıdır.

News24.az xəbər verir ki, bu barədə “Collabra: Psychology” elmi jurnalında dərc olunan araşdırmada bildirilib.


Araşdırma çərçivəsində Avstriya və Almaniyadan olan 106 yetkin insan dörd həftə ərzində müşahidə edilib. İştirakçılar mobil tətbiq vasitəsilə ağlama epizodlarını qeydə alıb, bunun səbəbini, müddətini və intensivliyini göstəriblər.

Onların emosional vəziyyəti ağladıqdan dərhal sonra, həmçinin 15, 30 və 60 dəqiqə ərzində qiymətləndirilib.

Nəticələrə görə, iştirakçıların 87 faizi tədqiqat müddətində ən azı bir dəfə ağlayıb. İnsanlar dörd həftə ərzində orta hesabla beş dəfə göz yaşı töküblər. Ümumilikdə 600-dən çox ağlama epizodu qeydə alınıb.

Qadınların kişilərlə müqayisədə daha çox ağladığı müəyyən edilib. Belə ki, qadınlar ayda təxminən altı, kişilər isə üç dəfədən az ağlayıblar. Qadınlarda ağlama epizodları daha uzun və intensiv olub. Qadınlar daha çox tənhalıq və münaqişələrə görə, kişilər isə çarəsizlik hissi və media məzmununun təsiri ilə ağlayıblar.


Alimlər müəyyən ediblər ki, şəxsi problemlər səbəbindən ağlamaq əksər hallarda mənfi emosiyaları gücləndirir, müsbət emosiyaları isə azaldır. Bəzi hallarda əhvalın pisləşməsi hətta bir saat sonra da davam edib. Bununla belə, növbəti səhər emosional vəziyyət adətən normallaşıb.

Filmlərə və digər media məzmunlarına baxarkən ağlayanlarda isə fərqli nəticələr müşahidə olunub. Belə hallarda mənfi emosiyalar bir saat ərzində tədricən azalıb. Bu isə həmin ağlama növünün sakitləşdirici təsir göstərə biləcəyini deməyə əsas verir.

Xeyirxah davranış və güclü emosional təəssürat kimi harmonik anların təsiri ilə ağlamaq da mənfi emosiyaların 15 dəqiqə sonra azalmasına səbəb olub.

Çarəsizlik hissindən ağlamaq isə müsbət emosiyaların kəskin azalması ilə nəticələnsə də, bərpa prosesi daha sürətli – təxminən 15 dəqiqə ərzində baş verib.

Beləliklə, araşdırma göstərib ki, ağlamaq universal emosional rahatlama vasitəsi deyil. Göz yaşları bəzən insanı sakitləşdirə, bəzən isə stressi və mənfi emosiyaları daha da artıra bilər.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər