Azərbaycana gələn turistlərin sayı niyə azılıb? - Açıqlama
Yanvar-oktyabr aylarında Azərbaycana 195 ölkədən 2 milyon 80,8 min əcnəbi gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azdır. Ölkəmizə ən çox Rusiya, Türkiyə və İran vətəndaşları səfər edib. Körfəz ölkələrindən gələnlərin sayı isə 31,5 faiz azalıb.
Eyni zamanda, xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı da 1,9 faiz azalaraq 1 milyon 740,4 min nəfər olub. Azərbaycanlılar ən çox Türkiyəyə, Rusiyaya və Gürcüstana səfər ediblər. İran istiqamətinə səfərlərdə isə 47,9 faiz azalma qeydə alınıb.
Qısaca, həm Azərbaycana gələn əcnəbilərin, həm də xaricə gedən azərbaycanlıların sayı ötən illə müqayisədə azalıb.
Bu azalmanın səbəbləri nədir? Hazırda turizm sahəsində hansı problemlər var?
Məsələ ilə bağlı News24.az-a açıqlama verən turizm üzrə ekspert Əziz Şiriyev qeyd edib ki, əsas məsələlərdən biri ölkənin quru sərhədlərinin bağlı olması və ölkəyə giriş-çıxışın əsasən, hava yolu ilə həyata keçirilməsidir: “Hava nəqliyyatı biletlərinin qiymətləri isə hazırda bir çox hallarda əlçatan deyil. Qiymətlərin yüksək olması səbəbindən insanlar başqa ölkələrə səfər etməyə üstünlük verirlər.
Dəmir yolu nəqliyyatının fəaliyyətə başlaması isə yaxşı alternativ yaratdı. Bakı-Tbilisi-Bakı qatar marşrutunun açılması bu baxımdan mühüm addımdır. Lakin burada da müəyyən problemlər var. Belə ki, sərnişinlər bir istiqamətə bilet ala bilsələr də, geri dönüş bileti əldə etməkdə çətinlik çəkirlər. Nəticədə yenidən təyyarə ilə qayıtmalı olurlar ki, bu da səfərin xərcini artırır”.
Ekspertin sözlərinə görə, 2026–2030-cu illər üzrə turizmin inkişafı ilə bağlı dövlət proqramında nəzərdə tutulan istiqamətlərdən biri də aşağı büdcəli xarici aviaşirkətlərin ölkəyə cəlb edilməsidir: “ Artıq Slovakiyadan uçuşların başlaması bu istiqamətdə atılan addımlardandır. Digər ölkələrdən də aşağı büdcəli aviaşirkətlər Azərbaycana uçuşlara başlasa, sağlam rəqabət mühiti formalaşa və bilet qiymətləri aşağı düşə bilər. Bu da turistlərin ölkəmizə daha münasib qiymətlərlə səfər etməsinə, vətəndaşlarımızın isə xaricə daha sərfəli qiymətlərlə səyahət etməsinə imkan yaradar.
Bizim milli aviaşirkətimiz xidmət keyfiyyətinə görə yüksək qiymətləndirilir və 5 ulduzlu aviaşirkət statusuna layiq görülüb. Lakin istənilən halda qiymət amili də mühüm rol oynayır. Çünki turizm paketlərinin təxminən 60-70 faizini aviabiletlərin qiyməti təşkil edir”.