Ərdoğandan Azərbaycan hava məkanında diqqətçəkən jest:
02 Nov 2026, 17:46
1 baxış
Admin
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi ölkəmizin hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb. O, dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan xalqına Zəfər Günü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğanın təbrikini çatdırıb.
Təbrik mətnində Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinin və əməkdaşlığın gələcəkdə də möhkəmlənərək inkişaf edəcəyi ifadə olunub.
Türkiyə prezidenti qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan prezidentini və xalqımızı təbrik edib, davamlı sülh, firavanlıq və tərəqqi arzulayıb.
Politoloq Tofiq Abbasov “Bakupost”a bildirib ki, Ərdoğanın bu jesti etik qaydalara diqqətli yanaşmadır:
“Dövlət rəhbəri dost ölkənin üzərindən təyyarə ilə uçarkən qarşı tərəfə mütləq şəkildə salamlarını çatdırır. Digər tərəfdən, bu Azərbaycan-Türkiyə münasibətlərində olan dərin bağlılıqların təsdiqinə işarə vuran bir məqamdır”.
Müsahibimiz qeyd edir ki, siyasi aləmdə hər verilən imkandan, şansdan istifadə etmək lazımdır: “Hava məkanı Azərbaycana məxsusdur. Türkiyə dövlətinin rəhbəri ölkəmizin hava məkanından keçirsə, xəlvət şəkildə, səs çıxarmadan, salam vermədən məsafəni qət etmək düzgün olmazdı”.
Politoloq deyir ki, son zamanlar münasibətlərdə müəyyən soyuqluq müşahidə olunsa da, bu münasibətlərin bloklanması anlamına gəlməməlidir:
“Bizi birləşdirən, bağlayan çoxsaylı tellər var. Söhbət tarixi tellərdən, yeni reallıqda olan münasibətlərdən, ölkələrimizin bir-birinə verdiyi dəstəkdən gedir. Böyük siyasəti formalaşdıran həm də kiçik elementlərdir. Haqqında danışdığımız məqam da onu göstərir ki, münasibətlərimizin unikal və universal səmimiyyəti var. Hər iki tərəf onu layiqincə dəyərləndirir. Yaşanan fikir ayrılıqları belə, canlı bağlantıların qırılması demək deyil. Bəzi şeyləri çox da şişirtməyə dəyməz. Ərdoğanın da bu jesti Azərbaycana olan doğma münasibətin təzahürüdür. Bu şəxsən çox ürək açan, şad bir xəbərdir”.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az