Elektrik vurmasından ölənlərin sayı artır: Bu səhvləri etməyin!
Havaların soyuması ilə əlaqədar elektrik qızdırıcıları və sobalardan istifadə artıb. Son zamanlar elektrik vurması nəticəsində ölüm hallarının çoxalması isə bu cihazlardan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyini bir daha gündəmə gətirir. Bəs elektrik qızdırıcıları və sobalardan istifadə edərkən hansı qaydalara diqqət yetirməliyik? Hansı ehtiyatsızlıqlar ağır hadisələrə və ölüm hallarına səbəb ola bilər?
Məsələ ilə bağlı News24.az-a açıqlama verən təhlükəsizlik üzrə ekspert Orxan Musayev bildirib ki, havaların soyuması ilə əlaqədar evlərdə elektrik qızdırıcılarına və sobalara tələbat kəskin artır: “Təəssüf ki, statistikaya nəzər saldıqda, bu mövsümdə həm yanğın, həm də elektrik vurması nəticəsində baş verən bədbəxt hadisələrin sayında artım müşahidə olunur. Bu hadisələrin əksəriyyəti sadə təhlükəsizlik qaydalarına əməl edilməməsindən qaynaqlanır.
Standartlara cavab verməyən, kustar üsulla hazırlanmış qızdırıcılardan qətiyyən istifadə edilməməlidir. Cihazları işə salmazdan əvvəl elektrik naqilləri və kabellər yoxlanılmalıdır. Elektrik şəbəkəsinin həddindən artıq yüklənməsinə yol verilməməlidir”.
Ekspertin sözlərinə görə, qızdırıcıları zəif uzatma kabellərinə və ya elektrik uzadıcılara qoşduqda həm qısaqapanma, həm də yanğın riski artır: “Qızdırıcılar pərdələrdən, yataq dəstlərindən və mebellərdən ən azı bir metr aralıda yerləşdirilməlidir. Cihazların üzərində heç bir halda paltar qurudulmamalıdır.
Evdən çıxarkən və ya yatarkən qızdırıcılar mütləq elektrik şəbəkəsindən ayrılmalıdır.
Bu tip cihazları alarkən beynəlxalq norma və standartlara uyğun məhsullara üstünlük verilməsi tövsiyə olunur. Seçilən cihazlarda həddindən artıq qızma və ya qısaqapanma baş verdikdə avtomatik sönmə funksiyasının olması təhlükənin qarşısını almağa kömək edə bilər”.