Bank kartlarına daha bir məhdudiyyət gəldi – Oktyabrın 1-dən etibarən…
26 Sep 2026, 09:00
1 baxış
Admin
Azərbaycanda bank kartları ilə bağlı yeni məhdudiyyət tətbiq olunur. Belə ki, bir sıra banklar vətəndaşlara eyni valyutada eyni kateqoriyaya aid birdən artıq debet kartının satışını dayandırır. Bəzi banklar artıq bu qaydanı tətbiq edir, digərləri isə oktyabrın 1-dən etibarən məhdudiyyətə keçəcək.
Yeni qayda vətəndaşların bank kartlarından istifadəsinə necə təsir edəcək? Eyni valyutada ikinci kartın alınmasına niyə məhdudiyyət qoyulur?
"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova müştərinin məsələn, AZN valyutasında aktiv debet kartı varsa, eyni bankdan eyni kateqoriyada ikinci AZN debet kartı sifariş etmək mümkün olmayacaq deyib:
“Lakin eyni bankdan USD və ya EUR kimi başqa valyutada kart almaq mümkün olacaq. Qaydanın rəsmi və ətraflı əsaslandırması hələ açıq şəkildə təqdim edilməyib. Amma qərarın məntiqi izahı olmalıdır. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatlarına əsasən, 2026-cı ilin iyulunun sonunda dövriyyədə 22,785 milyon ödəniş kartı olub. Bu, illik müqayisədə 8,9 faiz artım deməkdir. Debet kartlarının sayı isə 10,5 faiz artıb. Yəni kartların sayı və nağdsız ödənişlərin həcmi sürətlə artır. Bu, müsbət haldır. Yeni qərar isə vətəndaşların kartlardan istifadə imkanlarını məhdudlaşdırır. Eyni valyutada bir neçə debet kartını paralel saxlamaq mümkün olmayacaq. Məsələn, eyni valyutada olan kartlardan biri gündəlik alış-veriş, digəri onlayn ödənişlər, üçüncüsü isə başqa məqsədlər üçün istifadə olunurdusa, gələcəkdə həmin ehtiyacları müxtəlif bankların kartları yaxud onların təklif etdiyi digər kart məhsulları, o cümlədən rəqəmsal kartlar vasitəsilə qarşılamaq lazım gələ bilər”.
İqtisadçı bildirib ki, eyni valyutada ikinci debet kartının alınmasına məhdudiyyət vətəndaş üçün əlavə rahatlıq yaratmır:
“Əksinə, seçim imkanlarını məhdudlaşdırır. Əgər qaydanın məqsədi şəffaflığın və maliyyə nəzarətinin gücləndirilməsidirsə, bunun yükünün bütün müştərilərin üzərinə qoyulması əvəzinə, riskli əməliyyatlara yönəlmiş nəzarət mexanizmlərinin tətbiqi daha məqsədəuyğun olardı. Məhdudiyyətin konkret hüquqi əsası və bütün banklarda eyni tətbiq mexanizmi ilə bağlı əlavə rəsmi izahat yayımlanarsa, qərarın səbəbləri daha dəqiq aydınlaşacaq”.
Mənbə:
bakupost.az