Altsheymer və Parkinsonla bağlı mühüm araşdırma
Alimlər beynin alın nahiyəsinin arxasında yerləşən prefrontal korteksdə gen fəaliyyətinin ətraflı xəritəsini hazırlayıblar.
News24.az xəbər verir ki, nəticələrin Altsheymer, Parkinson və şizofreniya kimi xəstəliklərin daha yaxşı öyrənilməsinə kömək edə biləcəyi bildirilir.
Tədqiqatçılar 9 araşdırma çərçivəsində 1 494 şəxsdən götürülmüş 6,3 milyondan çox beyin hüceyrəsini analiz ediblər. Donorların yaşı körpəlikdən 108 yaşa qədər olub.
Bildirilib ki, prefrontal korteks planlaşdırma, qərarvermə, emosiyaların tənzimlənməsi və davranışın idarə olunmasında mühüm rol oynayır.
Araşdırma zamanı Altsheymer, Parkinson və digər neyrodegenerativ xəstəliklərdə gen fəaliyyətində oxşar dəyişikliklər aşkarlanıb.
Bu dəyişikliklər əsasən sinir hüceyrələri, onların əlaqələri və qan damarlarının fəaliyyəti ilə bağlı olub.
Alimlər beynin bu hissəsində hüceyrələrin təxminən 24 yaşda daha sabit vəziyyətə keçdiyini müəyyənləşdiriblər. Bununla belə, tədqiqatçılar bunun beynin inkişafının məhz həmin yaşda tamamlandığı anlamına gəlmədiyini vurğulayıblar.
Tədqiqatın nəticələrinin gələcəkdə beyin xəstəliklərinin müalicəsi üçün yeni yanaşmaların hazırlanmasına kömək edə biləcəyi qeyd olunur.