Cəmiyyət

“Alim Qasımov Baləli ilə də duet oxusun!” – Baba Vəziroğlu

21 Sep 2026, 19:49 1 baxış Admin
“Alim Qasımov Baləli ilə də duet oxusun!” – Baba Vəziroğlu

Şair, tərcüməçi Baba Vəziroğlu Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin birgə ifa etdiyi duetə münasibət bildirib.
"Bakupost" xəbər verir ki, bu barədə “Yeni Sabah”a danışan şair duet haqqında fikirlərini bölüşərək layihəni müsbət qiymətləndirib və muğamın müasir musiqi ilə sintezinin vacibliyindən danışıb:
“Dueti mən də dinləmişəm və çox həzz almışam. Alimin özünün dediyi kimi, muğamı yavaş-yavaş müasirləşdirmək lazımdır. Alimin zövqü də, dəyəri də sənətkardır və zövqü palatka müğənnilərinin zövqü kimi deyil. Deməli, orada nəsə görüb ki, oxuyub. Üzeyiri də o axına sala bilib. Hər ikisi də dostumdur. Onlara uğurlar arzulayıram.
Bir dəfə də demişdim bu fikri ki, Üzeyir Hacıbəyov da, Üzeyir Mehdizadə də, Alim Qasımov da, Baləli də bizimkidir. Bir gün Alim Qasımov Baləli ilə də duet oxusa, pis alınmaz. Onsuz da Alim meyxana oxumağa meyillidir. Buna sevinərəm ki, yeni eksperimentlər gedir. Bəxtiyar Vahabzadə demiş, dünya fırlanır. Biz də yerimizdə qalmalı deyilik”.
B.Vəziroğlu qeyd edib ki, tənqid yazanlar arxayın və bikar adamlardır:
“Bir professional kimi deyə bilərəm ki, sözlərdə bir az bayağılıq var. Yəni əsl şair sözləri deyil. Yenə də uğurlu layihədir. Məsələn, musiqini Ramiz Rövşənin sözləri ilə ortaya gətirə bilərdilər. Yenə də olanımıza şükür. Yəqin gələcəkdə bu məqamlar nəzərə alınacaq. Bu yarandısa, düşünürəm ki, davamı bundan da gözəl olacaq.
Tənqid yazanlara da biganə yanaşıram. Onlar arxayın və bikar adamlardır. Mən də ciddi bir şeylər paylaşanda belə altından bu cür rəylər yazırlar. Hər şeyə qulp qoymaq da bizim insanların əlamətlərindən biridir. Bikar adamlardan soruşsanız ki, siz bunu necə oxuyardınız? Cavab verə bilməyəcəklər. Çünki nə səs, nə də istedad var. Onların əsas peşəsi insanlara qulp qoymaqdan ibarətdir. Onlara da əhəmiyyət vermək lazım deyil. Alim Qasımov demiş, bəyənən sağ olsun, bəyənməyənin də Allah işini avand etsin. Mən də o fikirdəyəm”.
Qeyd edək ki, Xalq artisti Alim Qasımov Üzeyir Mehdizadə ilə “Nəyindən narahatsan?” adlı duet oxuyub. Onların bu ifası sosial mediada müzakirələrə və tənqidlərə səbəb olub.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər