Siyasət

Ohanyan vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur

02 Sep 2026, 11:27 23 baxış Admin
Ohanyan vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın vəzifə səlahiyyətlərini aşması ilə bağlı cinayət işi üzrə ilkin istintaq başa çatıb.

News24.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

İstintaqın versiyasına görə, Ohanyan hərbçilərin mənzillə təmin olunması prosesinə müdaxilə edib və Müdafiə Nazirliyinin Mərkəzi Mənzil Komissiyasının üzvlərinin köməyi ilə qurum əməkdaşlarından birinə növbədənkənar mənzil verilb.

İş materiallarına əsasən, 2008-ci il iyulun 12-də Müdafiə Nazirliyi aparatının Daxili Təhlükəsizlik İdarəsinin rəisi M.İ. ailəsinin mənzillə təmin olunması üçün nazirliyin inzibati aparatının rəhbərinə müraciət edib. Bundan sonra onun adı mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbçilərin siyahısına daxil edilib.

İyulun 17-də M.İ. o vaxtkı müdafiə naziri Seyran Ohanyana da müraciət edərək ona İrəvanda növbədənkənar mənzil verilməsini istəyib. Ohanyanın mənzil bölgüsü prosesinə müdaxilə etmək səlahiyyəti olmadığı halda komissiyaya qohumu M.İ. -yə növbədənkənar üçotaqlı mənzil verilməsini tapşırıb.

İstintaq Komitəsi hesab edir ki, sabiq nazir bununla da mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və illərdir müvafiq növbədə dayanan hərbçilərin hüquqlarını pozub.

Ohanyan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə və ya onları aşma maddəsi ilə cinayət təqibi başlanıb.

İş üzrə materiallar təsdiqlənməsi və məhkəməyə göndərilməsi üçün prokurora təqdim edilib.

Qeyd edək ki, Seyran Ohanyan ölkənin keçmiş rəhbərliyi ilə birlikdə “1 mart” işi üzrə digər cinayət işində də təqsirləndirilən şəxslər sırasındadır.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər