"Azarkeşlərimizi sevindirməyə çalışacağıq"
""Sabah"ı Çempionlar Liqasına vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. Çox böyük uğurdur".
News24.az xəbər verir ki, bu sözləri Ağdam futbol klubun baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" -"Tvente" qarşılaşmasından öncə keçirilən mətbuat konfransında deyib.
Baş məşqçinin sözlərinə görə, oyun onlar üçün çox maraqlı olub: "Çempionlar Liqası yenidən bizim gözəl Bakıda olacaq".
"Qarabağ" -"Tvente" qarşılaşmasına gəlincə, Qurbanov bu oyunun komanda üçün vacib olduğunu deyib: "Çox yaxşı komandaya qarşı oynayırıq. Baxımlı futbol göstərən komandaya qarşı oynayacağıq. Çox maraqlı oyun olacaq. Azarkeşlərimizi sevindirməyə çalışacağıq. Hazırıq”.
Baş məşqçi rəqibin heyətində olacaq dəyişiklikdən də söz açıb: "Rəqibin heyətində yəqin ki, dəyişiklik olacaq. Biz buna ciddi yanaşmalı və nəzərə almalıyıq".
Mütəxəssis həmçinin transferlər mövzusuna da toxunub. Onun sözlərinə görə, Kipr və Polşadan da futbolçular transfer siyahısında yer alıb: " Təbii ki, həmin futbolçularla 10-15 klub maraqlanır. Onlar bizim siyahımızda da yer alır. Transferlər ola bilər".