"Özündən sonra böyük bir sənət irsi qoyub getdi"
"Tofiq Bakıxanov böyük bir epoxanın, böyük bir dövrün nümayəndəsi idi".
News24.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rafael Hüseynov mərhum Xalq artisti Tofiq Bakıxanovla vida mərasimində deyib.
O bildirib ki, Bakıxanov həyatı hadisələrlə, insanlarla zəngin olan, parlaq ömür yaşamış bir şəxsiyyət idi:
"Tofiq Bakıxanova məxsus bir çox xüsusiyyətlərin bundan sonra Azərbaycan sənət səhnəsində təkrarlanacağı çətin olacaq. O, ilk dəfə səhnəyə 1941-ci ildə, məktəbi bitirdiyi vaxtlarda gəlib. Azərbaycan musiqisində, mədəniyyətində bu qədər uzun və məhsuldar yaradıcılıq yolu keçmiş sənətkarların sayı çox azdır. Onun yaradıcılığı Azərbaycan musiqisinin müxtəlif istiqamətlərini əhatə edib və özündən sonra böyük bir sənət irsi qoyub".
Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib. O, bu gün İkinci Fəxri xiyabanda dəfn olunacaq.