“Stadion bizə tanışdır, sabah yaxşı atmosfer olacaq” - Dambrauskas
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının təsnifat mərhələsinin pley-offunda “Hapoel” (Beer-Şeva) klubuna qarşı görüşdən əvvəl mətbuat konfransında iştirak edib.
News24.az xəbər verir ki, litvalı mütəxəssis Bakıdakı görüş haqda bunları deyib:
“İlk oyundan nəticə çıxarmışıq. Hazırda rəqibimizə bir top fərqi ilə uduzuruq. Komanda sabahkı oyuna hazırdır. Sabah qalib gələcəyimizə inanırıq. Hansı stadionda oynamağımızın bizim üçün fərqi yoxdur. Futbolçularım peşəkardır. Bu arenada heç-heçə etmişik və qalib gəlmişik. Stadion bizə tanışdır. Düşünürəm ki, sabah yaxşı atmosfer olacaq”.
O, komandasının ilk oyunda qol epizodlarından yararlana bilməməsindən bəhs edib:
“İlk oyunda bir neçə qol epizodundan yararlana bilmədik. Ümid edirəm ki, sabah həmin səhvləri təkrarlamayacağıq. Əlavə vaxta da hazır olmalıyıq. Amma ümid edirəm ki, hər şeyi əsas vaxtda həll edəcəyik”.