Dünya

Rusiyanın ballistik raket manevri: Növbə nüvə silahındadır?

06 Aug 2026, 16:40 1 baxış Admin
Rusiyanın ballistik raket manevri: Növbə nüvə silahındadır?

Rusiya Ukraynaya ballistik raketlər atmaqda davam edir. Dünən Rusiya qoşunları Ukrayna paytaxtına və vilayətə 24 ballistik raket, dörd "Sirkon/Oniks" raketi və 115 pilotsuz uçuş aparatı buraxıb. Bakupost.az xəbər verir ki, nəticədə Kiyevdə ölənlərin sayı 17-yə, xəsarət alanların sayı isə 44-ə çatıb.
Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, zərbənin əsas hədəfləri mülki infrastruktur obyektləri, o cümlədən özəl müəssisələrin anbarları, pivə zavodu, tikinti materialları anbarları, logistika obyektləri, infrastruktur və dəmiryol vağzalı olub.
Baş verən bu olaylar göstərir ki, Ukraynada “Patriot” kimi raketdən müqdafiə qurğuları olmana qədər ballistik raketlərin öhdəsindən gəlməsi çətin olacaq. Qərb isə ələkeçirici raketlərin tədarükündə fəal rol oynamağa hələ ki, hazır görünmür. Həmçinin, Rusiyanın ballistik raket istehsalının əhəmiyyətli hissəsi hələ də sanksiyalar altına düşməyib.
Bəs Ukrayna bu vəziyyətdən necə çıxacaq?
Siyasi şərhçi Mehman Əliyev Bakupost.az-a bildirib ki, Rusiyanın addımlarına Ukraynanın da əməli formada cavabları olacaq: “Müdafiəsi daha güclü olan İsrailin “Dəmir Gümbəzi”ni İran raketləri belə dəlib keçirdi. Kiyevin isə əslində elə də güclü müdafiə sistemi yoxdur. Həmçinin, Ukrayna ərazicə böyükdür və onu bu formada qorumaq çətindir. Amma düşünürəm ki, bütün hallarda baş verənlərə Ukraynanın da əməli formatda cavabı olacaq”.
Ekspertin fikrincə, Rusiya ballistik raketlərdən istifadə etməklə əslində süni şəkildə konflikti gərginləşdirir ki, nüvə silahından istifadə məsələsi gündəmə gəlsin:
“Artıq qırmızı xətt keçilib. Belədə vəziyyət gərginliyin daha da yüksəlməsinə, hətta nüvə silahının istifadə olunması astanasına gəlib çıxacaq. Onda da yüksək səviyyədə ABŞ-Rusiya danışıqları başlayacaq. Ondan sonra da müharibə dayandırılacaq”.
Müsahibimizin sözlərinə görə, Putin istəyir ki, danışıqları Ukrayna-Rusiya konflikti çərçivəsindən çıxarıb, beynəlxalq miqyasa çıxarsın:
“Bunun üçün də nüvə silahı məsələsi ortaya çıxmalıdır. Bu mənada fikrimcə, Kreml bunu bilə-bilə ballistik raketlərdən istifadəyə gedir. Məqsəd də müharibə ətrafında danışıqları ABŞ-Rusiya danışıqları müstəvisinə keçirməkdir. Burada Ukrayna məsələsi artıq ikinci dərəcəli məsələ olur. Çünki ortalığa nüvə təhlükəsilə əlaqədar olaraq, dünya təhlükəsizliyi məsələsi çıxır. Yəni ikinci Karib böhranı yaranır. Ukrayna isə burada Rusiyanın iri miqyaslı maraqlarını təmin etmək üçün bir vasitədir”.
Rüfət Sultan,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər