Paşinyan Azərbaycanın tələbini necə yerinə yetircək? - Yeni konstitusiya hazırlanır
06 Aug 2026, 12:25
1 baxış
Admin
Ermənistanda yeni konstitusiyanın qəbulu prosesinin başladığı barədə "siqnallar" gəlməkdədir.
Bir müddətdir bu ölkədə yeni konstitusiya layihəsi üzərində iş aparılır. Hökumət rəsmiləri onun ictimaiyyətə bu ilin payızında təqdim edilə biləcəyini bildirirlər.
Lakin problem ondadır ki, baş nazir Nikol Paşinyanın Milli Məclisdəki partiyasının konstitusiya layihəsini referenduma çıxarmaq üçün bir neçə mandatı çatmır. Layihənin ümumxalq səsverməsinə çıxarılması üçün ən azı müxalifətdən olan 6 millət vəkili də hakim partiyanı dəstəkləməlidir. Lakin müxalifət bu variantı istisna edir.
Buna görə də, Ermənistan hakimiyyətinin Azərbaycanla yekun sülhün əldə edilməsinə mane olan problemi necə həll edəcəyi hələlik sual olaraq qalmaqdadır.
Xatırladaq ki, Bakı şərt qoyub ki, yekun sülh müqaviləsi yalnız Azərbaycana qarşı ərazi iddiaları Ermənistan Konstitusiyasından çıxarıldığı təqdirdə imzalanacaq.
Hüquqşünas Qulamhüseyn Əlibəyli "Bakupost"a bildirib ki, məsələnin həlli praktik baxımdan bir qədər çətin olsa da, nəzəri cəhətdən mümkündür.
Müsahibimizin sözlərinə görə, Ermənistan parlament tərəfindən maneə yaranacağı təqdirdə, əhalinin 300 min nəfərinin imzasını toplamaqla konstitusiya layihəsini referenduma çıxara bilər:
“Ermənistan konstitusiyası və qanunvericiliyinə görə, əhalinin də referendum keçirmək üçün təşəbbüslə çıxış etmək hüququ var. Bunun üçün səhv etmirəmsə, 300 min imza toplayıb, referendumun təyin edilməsilə bağlı məsələ qaldıra bilərlər”. Ekspert qeyd edir ki, bu halda referendumun təyin olunması artıq məcburi xarakter daşıyacaq: “Paşinyan son seçkilərdə kifayət qədər səs toplayıb. Belədə hesab edirəm ki, o referendumun keçirilməsi üçün 300 minlik imzanı toplamaq imkanına da malikdir. Onlar bu qədər imzanı toplayıb, referenduma gedəcəklər.
Ya da müxalifətdən olan 6 deputatla danışıb, hakim partiya onları da öz tərəfinə çəkə bilər. Amma bu bir qədər çətin görünür. Çünki müxalifətdəki deputatlar daha çox revanşist mövqeli deputatlardır. Ona görə də yeni konstitusiya layihəsini qəbul etmək istəmirlər. Belədə məsələnin həlli yalnız əhalinin imza toplamasından keçir. Yəqin ki, parlamentdə istəklərinə nail olmasalar, hakim partiya yeni konstitusiya layihəsini referenduma çıxarmaq üçün məhz bu yolu seçəcək”.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az